BAKI, 20 noyabr. TELEQRAF
Son aylarda Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərində müşahidə olunan davamlı artım əhali arasında suallar doğurub.
Məsələ bağlı iqtisadçı ekspert Xalid Kərimli Teleqraf-a açıqlamasında bildirib ki, ərzaq məhsullarının bahalaşması müxtəlif səbəblərlə bağlı olur:
“Əsas səbəblərdən biri odur ki, dizelin, benzin yanacağının qiyməti qalxdı, bu da kənd təsərüffatı məhsullarının daşıma xərcinin artmasına gətirib çıxardı. Əvvəl məhsullar nisbətən ucuz qiymətə daşınırdısa, indi bu məbləğ artıb. Digər bir səbəb işığın,qazın qiymətinin qalxmasıdır ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalının, yığımının, "parnik"lərin xərclərini çoxaltdı. Bundan başqa, ölkədə inflyasiya müşahidə olunur. Fermerin, sahibkarın xərcləri artır, nəticədə məcbur qalıb qiyməti bahalaşdırırlar”.
Ekspertin sözlərinə görə, dollar dünyada digər valyutalara nisbətdə təqribən 10-12 faiz ucuzlaşdı, bu da manata öz təsirin göstərərək qiymətlərin artmasına səbəb oldu.
Deputat Vüqar Bayramov da kənd təsərrüfatı məhsullarının bahalaşmasını bir neçə səbəblə izah edib:
“Təbii ki, burda mövsümi faktorlar var. Mövsümi dövrün başa çatması bazarda yerli kənd təsərrüfatı məhsullarının təklifinin azalmasına gətirib çıxarır və bu, qiymətlərə də öz təsirin göstərir. Digər məqam xarici bazarda qiymət artımı ilə bağlıdır. Ölkəyə idxal edilən məhsulların qiymət artımına bu da səbəb olur. İdxal məhsullarındakı qiymət artımları birmənalı şəkildə kənd təsərrüfatı məhsullarının qiymətlərinə də təsir göstərir, nəticədə bahalaşma olur".
Deputatın sözlərinə görə, bahalaşma idxaldakı və istehlak bazarındakı qiymət artımları ilə müşahidə olunur:
"Ən vacib yollardan biri yerli istehsalın artırılması ilə yanaşı həm də məhsulların mövsümdən sonrakı dövrə saxlanmasına nail olunmasıdır. Bunun üçün saxlanma kameralarının sayının çoxaldıması, onlardan istifadə imkanlarının genişləndirilməsi və dövlət tərəfindən bu istiqamətdə daha çox subsidiyanın verilməsi əsasdır. Çünki mövsümdən sonrakı dövrdə də kənd təsərrüfatı məhsullarının qiymətində stabilləşməyə nail olunması və qiymət stabilliyinin qorunub saxlanması əsasdır".