BAKI, 14 noyabr. TELEQRAF

Ölkə əhalisinin sayı ilin əvvəlindən 28758 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 253 min 647 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.11.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38917 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2154 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 61950 nəfər təşkil edib. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.