BAKI, 7 noyabr. TELEQRAF

30 ukraynalı uşağın Azərbaycanda reabilitasiya prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

10 günlük sosial reabilitasiya proqramı çərçivəsində onlar Bakı, Qəbələ və Şəkidə təşkil olunan düşərgələrdə peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalara cəlb olunublar. Bununla yanaşı, uşaqlar müxtəlif fəaliyyətlərdə, qrup terapiyaları, meditasiya, yoqa məşğələləri və master-klaslarda iştirak ediblər.

Proqram müddətində uşaqların paytaxt və bölgələrdəki görməli və tarixi yerlərə (İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi, Bakıdakı Ukrayna Mərkəzi və s.) ekskursiyaları təşkil edilib.

Bildirilib ki, uşaqlar ölkələrinə yola salınıblar.

Qeyd edilib ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.