XANKƏNDİ, 16 oktyabr. TELEQRAF

"Noyabrın əvvəlindən başlayaraq, Ağdam şəhərinin ilk sakinləri öz şəhərinə qaydacaqlar. İlk mərhələdə 900-dən çox ailənin bu ilin sonuna qədər, gələn il isə daha 300 ailənin ikinci yaşayış massivində tikintisi başa çatması planlaşdırılan yaşayış kompleksinə köçü təmin olunacaq".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Ağdam şəhərində dördüncü və beşinci yaşayış massivlərində də tikinti işləri gedir:

"Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq, yay aylarına qədər bitməsi planlaşdırılır və bu iki yaşayış kompleksinə də toplam 2000-dən çox ailənin köçü nəzərdə tutulur. Paralel olaraq biz bu ilin sonuna qədər üçüncü yaşayış kompleksində, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlayacaq. Ümid edirəm ki, 2026-cı ilin sonuna qədər əvvəllərdə qeyd etdiyimiz kimi hədəfimiz Ağdam şəhərinə 20 000-ə yaxın ailənin köçünü təmin etməkdir. Bilirsiniz ki, şəhərin baş planına uyğun olaraq 2040-cı ilə qədər şəhərdə 100 min əhalinin yaşaması planlaşdırılır".

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Ağdam şəhərinin 4-cü, ən böyük şəhər olması planlaşdırılır:

"Biz bu hədəfə doğru irələyirik. Eyni prosesləri Füzulidə də həyata keçiririk. Bu ilin sonuna qədər 2-ci yaşayış kompleksində, gələn ilin ortalarında isə 3-cü yaşayış kompleks sahəsində tikintilər başlayacaq".