BAKI, 10 oktyabr. TELEQRAF

Oktyabrın 1-dən başlayan XI Bakı Beynəlxalq Kitab Sərgisi artıq yekunlaşıb.

Builki sərgi iştirakçı və ziyarətçi sayı, eləcə də təşkilati baxımdan əvvəlki illərlə müqayisədə hansı fərqlərlə yadda qaldı? Kitabsevərlərin, nəşriyyatların gözləntiləri özünü doğrultdumu? Sərgi ümumilikdə hansı təəssüratlarla başa çatdı?

Şair, tərcüməçi Qismət Rüstəmov Teleqraf-a öncə növbəti sərgilərdə görmək istədiklərini səsləndirib:

“Kitab sərgilərində fəxri yazar və fəxri dövlət dəvətilə bərabər, fəxri nəşriyyat da seçilməlidir. Əgər nəşriyyatın nəşr etmək istədiyi eksklüziv kitab varsa, onun nəşrinə dəstək oluna və ya sərgidə ödənişdən azad edilə bilər. Hər dəfə bir nəşriyyat üzərinə düşən müəyyən yükdən azad olunsa, bu, kitab işinə müəyyən dəstək sayılar. Qonaq dövlət dəvət etmək, fəxri yazar seçmək çox gözəldir, əlavə olaraq bu sıraya nəşriyyatın da əlavə olunmasını təklif edirəm”.

Qismət Rüstəmov bildirib ki, sərginin ardıcıl və davamlı keçirilməsi onun ənənəvi bir mədəni hadisəyə çevrildiyini göstərir: “Bu təşəbbüs başladığı tarixdə sərgi iki ildən bir təşkil olunurdu, sonradan qrafik dəyişdi, ildə bir dəfə keçirilir. Hər ilin bu vaxtı cəmiyyətin gözlədiyi tədbirə çevrilib. Dünyada nüfuz qazanan beynəlxalq layihə və sərgilər məhz davamlılıqlarına görə prestij qazanırlar. Bu il də sərginin öz vaxtında keçirilməsi təqdirəlayiq və qiymətli hadisədir. Ardıcıllığı itirmək olmaz.

Allah eləməsin ki, bir gün "oxucu sayında müəyyən azalma və problemlər var, gəlin sərgini keçirməyək" kimi bir qərar verilsin. Davamlılıq məsələsi üstündə xüsusi dayanmaq lazımdır”.

Qismət Rüstəmovun sözlərinə görə, bütün çatışmazlıqları və uğurları ilə birlikdə sərgi artıq mədəniyyətimizin simvollarından birinə çevrilir: “Sərgi günlərində həftəiçi insanlar əsasən günün birinci yarısında və ya işdən sonra sərgiyə gəlməyə çalışırdılar, həftə sonları isə böyük axın müşahidə olundu. Elə anlar olurdu, sərginin keçirildiyi salonda hərəkət etmək belə çətinləşirdi. Bu izdiham çox xoş mənzərə idi. Xüsusilə məktəblilərin və universitet tələbələrinin iştirakı diqqət çəkirdi.

Real alıcılıq qabiliyyəti və satış statistikasına dair göstəricilər nəşriyyatlara məxsusdur. Amma “hər bir şagird və tələbə mütləq kitab alıb getməlidir” fikri ilə razı deyiləm. Onların belə bir mədəni-kütləvi atmosferdə olması, kitab deyilən anlayışın ətrafında dövr edən mənzərəni görməsi özü bir hadisədi. Bu şəraitdə gənclərin yaddaşına səpilən toxum əvvəl-axır cücərib nəticəsini verəcək. Bu, məncə, çox vacibdir.

Cəmiyyətimizdə həyatının bir hissəsində kitab olan insanların sayını artırmalıyıq. Hər il bu istiqamətdə nə qədər uğur qazanırıqsa, bir o qədər vacib iş görürük”.

"TEAS-Press" Nəşriyyat evi və "LIBRAFF" mağazalar şəbəkəsinin marketinq və PR rəhbəri Afaq Hüseynəliyeva hesab edir ki, kitab sərgisi son illərin ən uğurlu ədəbi-mədəni hadisələrindəndir:

“Həftəsonu ziyarətçi sayı gözlədiyimiz kimi çox oldu. Oxucuların sərgiyə, kitaba marağı yüksək idi. Zənnimcə, bu illər ərzində keçirdiyimiz sərgilər arasında ən yaxşılarından biri bu oldu. Xüsusilə, son dörd gündə stendimiz boş qalmadı. Sərgidə tanınmış simalar, blogerlər və kitabsevərlər də iştirak edirdi. Bu bizi çox sevindirdi ki, PR işi uğurlu alınıb. Ən sevindirici məqam valideynlərin övladları ilə birgə kitab seçməsiydi”.

Afaq Hüseynəliyeva bəzi çatışmazlıqlara da diqqət çəkib: “Universitetlərdən tələbələri, məktəblərdən şagirdləri gətirirdilər, ancaq çoxu kitab almırdı. Sadəcə tədbirdə oturub, şəkil çəkib gedirdilər. Bu, yaxşı hal deyil. Digər tərəfdən, valideynlərin övladları üçün kitab almağa gəlməsi bizi çox sevindirdi. Ən yaxşı hal o idi ki, artıq insanlar bir yox, bir neçə kitab alırdılar".

Satışla bağlı statistik məlumatların hazırda analiz mərhələsində olduğunu deyən Afaq xanım bildirib ki, hər yaş qrupuna uyğun kitablar satılıb: "Valideynlər uşaqlarına, gənclər isə özləri üçün kitab alırdılar. Aralarında bir neçə aylıq kitab ehtiyacını qarşılamaq məqsədi güdənlər də vardı. Bu, çox sevindiricidi. Nəşriyyatımız iki nominasiya üzrə qalib oldu. “Ən çox oxunan” nominasiyasında Çingiz Abdullayevin kitabları, "ən fəal stend" kimi isə nəşriyyatımız qalib elan olundu”.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu builki kitab sərgisi ilə bağlı narazılıqlarını dilə gətirib:

“İlk gündən sonra sərgidə mən özüm şəxsən iştirak etmədim. Çünki “Əli və Nino” üçün yer vəd edilsə də, vədi yerinə yetirilmədi. Sərgidən xüsusi gözləntim yoxdur. Hər il çalışıram, daha yaxşı alınsın, amma təəssüf ki, təşəbbüslər dəstəklənmir. Xoşagəlməz münasibətlər insanı məyus edir.

Sosial media paylaşımlarından da göründü ki, “Qanun”un böyük arsenalı var. Bu arsenal qarşısında dayanmaq çətindir. Biz hər il yeni kitablar, yerli və xarici imzalar gətiririk. Bu, görünməlidir, dəyərləndirilməlidir. Həm həmkarlarımız, həm də bu prosesi təşkil edənlər reallığı qəbul etməlidirlər. “Qanun” böyüyür və böyüməyə davam edəcək. Əgər gələcəkdə də bu cür münasibət davam edərsə, biz sərgidə iştirak etməyəcəyik və öz sərgimizi təşkil edəcəyik. Bu barədə artıq danışıqlar gedir.

Təəssüf ki, məsələyə sistemli yanaşma yoxdur, dəyər sistemi qurulmayıb. Anlamırlar ki, “Qanun”a necə, digər nəşriyyata hansı qaydada yanaşmaq lazımdır".