BAKI, 30 sentyabr. TELEQRAF

2016-cı ilin payızı idi. İstanbula təhsillə bağlı yenicə ayaq basmışdım. Bir tərəfdən meqapolisin şərtlərinə alışmağa çalışır, digər tərəfdən əlimə düşən fürsətdən istifadə edib mühacirət irsimizlə bağlı nələr toplaya bilərəm deyə düşünürdüm. Bu ərəfələrdə İstanbul Azərbaycan Kültür Evinin sədri, əslən İrəvan bölgəsindən olan Hikmət Elp bəylə də yeni tanış olmuşdum. Bir gün Hikmət bəy məni maraqlı bir adamla görüşdürəcəyini dedi. Ata-babaları Qazaxdan imiş, mühacirətin canlı yaddaşıydı. Sevinc və həyəcan qarışıq bir hiss keçirdim. Bu şəxs sentyabr ayının 9-da haqq dünyaya köçən professor İbrahim Yıldırımdı.

Nəhayət, həmin gün gəldi.

12 noyabr 2016-cı ildə Levent çarşısındakı bir məkanda görüş təşkil edildi. İbrahim bəy həyat yoldaşı, Molla Vəli Vidadinin soyundan olan Fügen xanımla birlikdə gəlmişdi. O gün çəkilən fotoşəkilə baxanda üzümdəki sevinci indi də görə bilirəm. İbrahim bəy Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri olmuş Mustafa ağa Vəkiloğlu ilə də qohum imiş, onunla görüşüb də. Ondan dolayı oğlu, basketbolçu Nadir Vəkiloğlunu da tanıyırmış. Sonrakı illərdə anladım ki, İbrahim bəy mühacirətdəki bəzi simaları şəxsən tanıyıb, görüb, bəzilərinin övladları, nəvələri ilə əlaqədədir.

İbrahim bəy gənc yaşlarından etibarən Azərbaycandan köçmüş ailələrlə maraqlanmağa başlayıb, həkim olduğu üçün bəzən təsadüfi olaraq rastlaşdığı azərbaycanlılarla da tanış olub. Birinci nəsil mühacirlərdən Mustafa Vəkiloğlu ilə yanaşı Cümhuriyyət dönəmində parlamentin Zəngəzurdan olan üzvü Məhəmmədsadıq Aranı da görübmüş. Təxminən 1959-1960-cı ildə Sultan Əhməddə indiki Türk Ədəbiyyatı Vəqfinin yerləşdiyi binada Aranın bir mühazirəsini dinləyibmiş. İbrahim bəy Cümhuriyyət xadiminin bəyazlaşmış gur saçlarını və bəlağətli nitqinin olduğunu xatırladığını demişdi.

Söhbətlərimizdə bir dəfə maraqlı bir hadisə danışdı. Xəstəxanaların birində növbətçi ikən yanına bir xəstə gətirilir. Amma bu xəstə digərlərindən çox fərqli idi, çünki mühafizə edənləri də vardı. Söhbət zamanı azərbaycanlı olduğunu öyrəndiyi bu şəxs II Dünya müharibəsində almanlara əsir düşən, 1948-1949-cu illərdə Türkiyəyə gələn Bəşir Gəncəçay adlı şəxs imiş. Əbdürrəhman Fətəlibəylinin silahdaşlarından olan bu şəxs rus dilini bildiyi üçün Sovet İttifaqında çıxan qəzetləri türkcəyə tərcümə etməklə mükəlləf imiş. Bu, çox təbii hal idi. SSRİ-ni yaxşı tanıyan keçmiş vətəndaşları istər ABŞ-də, istər Türkiyədə, istərsə də dünyanın müxtəlif bölgələrində müvafiq sahədə fəaliyyət göstərirdilər.

İbrahim bəyin tanıdığı çevrə geniş idi. Ona görə də həm özüm faydalanırdım, həm də ki qiymətli işlər görən yoldaşların ondan yararlanmasına kömək edirdim. Məsələn, 2018-ci ilin oktyabrında AZTV-də yayımlanan “Yüz ilin sirləri” sənədli filminin çəkiliş heyəti İstanbula gəlmişdi. Maraqlı verilişlərə imza atmış Hüseyn Cavadzadə və Fəxrəddin Həsənzadə Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski kimi görkəmli şəxsiyyətlərin İstanbulda yaşayan ailə üzvləri ilə görüşmək istədiklərini söylədilər. Bunun üçünsə bir vasitəçiyə ehtiyac vardı. Şübhəsiz ki, bu şəxs İbrahim Yıldırımdı. Oktyabrın 10-da Leyla Xoyxanın evinə getdik. Həm Xoyskilərin, həm də Ziyadxanovların təmsilçisi idi Leyla xanım. Bizə ailə xatirələrini danışdı, pianoda bir-birindən maraqlı ifalar sərgilədi. Oktyabrın 11-də Əlimərdan bəy Topçubaşının nəvəsi Gülnar Kürdəmirin evinə getdik. İbrahim bəyin sayəsində həm sənədli film üçün maraqlı müsahibələr alındı, həm də ailə arxivlərinə nəzər yetirə bildik.

Həmin il oktyabrın 22-də Marmara Universitetində Azərbaycan Cümhuriyyətinin yüz illiyi ilə bağlı bir konfrans keçirildi. İbrahim bəy də qonaqlar arasında idi. Tədbirdən sonra İbrahim bəy Bakıdan gələn professor Ədalət Tahirzadə ilə məni Türkiyə Jandarmının Baş Komutanı olmuş Şəki əsilli korgeneral (general-polkovnik) Mehmet Nuri Bərközün (1889-1975) oğlu, professor Sina Bərközün evinə aparmışdı. Sina bəy xəstə idi, ona görə də qısa bir vaxtdan sonra ayrılmışdıq. Sina bəylə münasibətimiz də bu vəsilə ilə yaranmışdı.

Hikmət Elp mütəmadi olaraq dərnək üzvlərini İbrahim bəylə görüşdürürdü. Bəzən sadəcə onun işığına toplanır, xatirələrini dinləyirdik, bəzənsə müxtəlif tədbirlərdə qonaq qismində danışırdı. İstanbulda baş tutan iki imza günümə də İbrahim bəy lütfkarlıq göstərərək gəlmişdi. 22 yanvar 2024-cü ildə İstanbul Universitetində Diaspora Komitəsinin təşkilatçılığı ilə “Türkiyədə qurulan Azərbaycan Cəmiyyətləri” kitabımın təqdimatı baş tutmuşdu. Ədəbiyyat fakültəsi rəhbərliyinin, İstanbuldakı cəmiyyət sədrlərinin və tələbələrin qatıldığı mərasimdə İbrahim bəy geniş nitq söyləmişdi. Ötən ilin 18 oktyabrında isə konsulluğumuzun təşkilatçılığı ilə keçirilən “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabımın tanıtım günündə də fəxri qonaqlar arasında İbrahim Yıldırım da vardı, növbəti maraqlı çıxışını etmişdi.

İstanbul Azərbaycan Kültür Evinin Kadıköydə təşkil etdiyi görüşlərin birində (16 iyun 2022-ci il) İbrahim bəy özü ilə maraqlı bir qonaq da gətirmişdi: Orxan Kayıhan. 1970-ci illərdə Amasiyadan millət vəkili olan Orxan bəyin ata-babaları da Qazaxdan köç etmiş ailələrdəndi. Bu ailə mənə tanışdı. Arxivimdə bu ailədən Yasin Kayıhanın 13 dekabr 1940-cı ildə Amasiyadan mühacir ictimai-siyasi xadim Mirzəbala Məhəmmədzadəyə göndərdiyi məktub vardı. Yasin və Nazif Kayıhan qardaşları Amasiyada hörmətli şəxslər idilər, Mustafa ağa Vəkiloğlu onların evində də qalmışdı.

30 oktyabr 2021-ci ildə mühacir rəssam İbrahim Safi ilə bağlı bir kitabın təqdimatında da İbrahim bəy maraqlı çıxış etmişdi. Bu gün sayını unutduğum bu çıxışlardan, tədbirlərdən sonrakı çay süfrəsində xeyli bilgilər öyrənmişdik. Xatırlayıram, bir dəfə də Üsküdar Universitetində bir çıxışını dinləmişdik. Arxivimdəki qovluqlarda Hikmət bəyin təşkilatçılığı ilə Kadıköydə mənzərəli bir kafedə bir neçə dəfə görüş təşkil edildiyi də yadıma düşür. Ötən ilin noyabr ayında Azərbaycanın fəxri qonaq olduğu Tüyap beynəlxalq kitab festivalını ziyarət edən İbrahim bəy mühacir ailələrdən Nilgün Saryal və Samiyə Kaplanla bir araya gəlmiş, maraqlı söhbətlər etmişdilər. Həmin gündən yazıçı Orxan Arasın da olduğu bir fotoşəkil xatirə qalmaqdadır.

İbrahim bəylə İstanbuldakı görüşlərimizin hər birində bir xəzinə tapmışcasına ayrılırdım. Özündən birdəfəlik izn almışdım. Mühacirətlə bağlı danışdığı zaman xəbər etmədən ya videosunu çəkəcək, ya da səsini qeydə alacaqdım. Fürsət olduqca bunları edirdim.

İbrahim bəyin evində bir neçə dəfə olmuşdum. Həm elmi işimlə bağlı yardım istəmək, həm də zəngin bilgisindən istifadə etmək üçün. Saatlarla onu dinləyir, telefonumun səsyazanını işə salmağı da unutmurdum. Evindəki son görüşlərimizdən biri 30 oktyabr 2024-cü ildə olmuşdu. Sosial mediada Qayıbovlar nəslinin təbliğatçısı olan Rüstəm Qayıbov Qafqazın müftisi olmuş Mirzə Hüseyn Qayıbzadə haqqında yazılan kitabı ona aparmağımı istəmişdi. Həm Rüstəm bəyin bu arzusunu yerinə yetirdim, həm də ənənəvi söhbətlərimizi etdik. Həmin gün İbrahim bəy özünün bir çoxunu şəxsən tanıdığı II Dünya müharibəsindən sonra Türkiyəyə gəlmiş azərbaycanlı mühacirlərin siyahısını, həmçinin “Türk Plastik Cerrahi Tarihçesi” kitabını imzalayaraq mənə verdi. Necə xoşbəxt idim...

İbrahim bəyin bir arzusu vardı. İllərdir topladığı materialları, öz hafizəsində qalan xatirələrlə birləşdirib bir kitab ərsəyə gətirmək. Bu kitabı birlikdə hazırlamağı da təklif etdi. Müəyyən planlar qurduq, amma təəssüf ki, araya girən müxtəlif işlər mənim üçün unudulmaz bir xatirə olacaq bu kitabın ərsəyə gəlməsinə imkan vermədi. Evindəki görüşlərin birində İbrahim bəy bilgisayarındakı bu zəngin materialları mənə göstərmişdi. Bu qiymətli xəzinədə indiyədək heç bir yerdə görmədiyim fotoşəkillər, mühacir isimləri vardı. Xüsusilə ixtisası gərəyi Azərbaycan əsilli həkimlərin siyahısı olan qism çox zəngindi.

İbrahim bəyin məni bir neçə dəfə apardığı yerlərdən biri də Qapalıçarşıdakı Murad İsmayıllının zərgərlik dükanı idi. Murad bəyin atası Həsən İsmayıllı (əsl adı Səxavət) II Dünya savaşında almanlara əsir düşüb daha sonra qaçqın düşərgələrində yaşamış şəxs idi. Qədərdaşı Nuri bəylə birgə bir dönəm İsveçrədə yaşamış, orada zərgərliyin sirlərini öyrənmişdilər. Qardaş kimi olan bu şəxslər İstanbula gəldikdən sonra bu sahədə çalışıblar. Maraqlıdır ki, həmin vaxtlarda Qapalıçarşıda vaxtilə Azərbaycan Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının sədri olmuş Nağı bəy Şeyxzamanlının (Keykurun) da dükanı vardı. İbrahim bəyin dediklərinə görə Nağı bəyin bu iki dosta borcu olduğu üçün dükanını onlara verməklə hesablaşıblar. Ataları vəfat etdikdən sonra dostların övladları dükanı iki yerə bölərək fəaliyyətlərini davam etdiriblər. İbrahim bəy İsmayıllı qardaşların həyat hekayələrini hər fürsətdə bizə danışardı. Xüsusilə Həsən bəyin illər sonra telefon vasitəsilə ailəsi ilə əlaqə qurması, müstəqillikdən sonra qarşılıqlı ziyarətlər barədə kədərli-sevincli məlumatlar verərdi. Yeri gəlmişkən Həsən bəyin oğlu Murad bəy 1990-cı illərdə Türkiyədə qohumlarını axtaran ailələrə çox dəstək olmuşdu, “Odlar yurdu” qəzeti vasitəsilə Vətən ayrısı insanları bir-birinə qovuşdurardı.

İbrahim bəy Sultan Əhməddən İstanbul Universitetinə qədər olan ərazini gəzməyi sevərdi. Bir dəfə Hikmət bəylə bərabər Qapalıçarşıdakı məkanı ziyarət etdikdən sonra bizə Hüseyn Cavidin təhsil aldığı yeri göstərəcəyini dedi. Validə Xana getdik, Osmanlı dövründəki əzəmətini itirən bu yerdə bir zamanlar tələbə Rasizadənin qaldığını bildirdi. Bu məkan daha çox Cənubi Azərbaycandan gələn tacirlərin yurdu idi, görünür, Cavid də ona görə burada yaşayıb.

İbrahim bəylə bəzən universitetin olduğu caddəni gəzərkən bir-bir keçmiş binaları göstərər, filan dərnəyin burada yerləşdiyini, filan mühacirlə hansı məsələləri müzakirə etdiyini danışardı. Məşhur İstiqlal caddəsində bir mühacirin (səhv etmirəmsə, Həsən Xəzərin) “Şuşa” adlı lokantasının olduğunu demişdi.

Yıldırımın həmişə mənə dediyi bir söz var idi: “Öncə bir mövqe əldə et, ondan sonra fikir yürüt”. Çünki o, professional təhsilin və işin gərəkli olduğunu hesab edənlərdəndi. Mühacirət tədqiqatları ilə bağlı isə bir fikrini mütəmadi təkrarlayardı: “Hər mühacir önəmli deyil, Azərbaycana, Türkiyəyə faydası olubmu? Buna baxmaq lazımdır” deyərdi. Ona görə də o, bəzi mühacir ailələr haqqında könülsüz danışardı. Haqlı idi. Azərbaycandan, Cənubi Qafqazdan Türkiyəyə o qədər insan, ailə köçüb ki? Bizim üçün önəmli olanlar hər iki dövlətə xidmət edənlərdi.

İbrahim bəy Azərbaycandakı nəşriyyatı yaxından təqib edərdi. Mütəmadi olaraq Bakıdan gəldiyim zaman sifariş verdiyi kitabları gətirərdim. “Çapar” jurnalını dərc etdiyim zaman bizə mənəvi cəhətdən çox dəstək olmuş, abunəlik sistemi barədə tövsiyələrini vermişdi.

İbrahim bəy liseydə təhsil alarkən azərbaycanlı Aliyə Aşurbəylinin ona dərs dediyini söyləmiş, maraqlı fotoşəkillər göstərmişdi. Aliyə xanım Aşurbəyli ailəsinin mühacirətdə qalan üzvlərindən idi. Tələbəlik dönəmində onun maraqlı bir sinif yoldaşı da olmuşdu: Əbdürrəhman Fətəlibəylinin oğlu Əli bəy. Yıldırım Əbdürrəhman bəyin bir oğlunun olduğuna dair mərhum Nəsiman Yaqublunu bilgiləndirdiyini söyləmişdi. Dediyinə görə, Əli bəy bir az çılğınmış, anası Leyla xanımı davamlı narahat edərmiş. Uşaqlığı düşərgələrdə keçən Əli Fətəlibəylinin bu xarakteri başadüşüləndi. İbrahim bəy onun qısa zaman sonra anası ilə birgə Amerikaya getdiyini də söyləmişdi. Bu mövzu ilə bağlı İbrahim bəy vatsap üzərindən də bu məlumatları yazmışdı:
“Ankarada tibb təhsilinə başlamışdım. Əli ilə eyni sinifdə idik. Anası Leyla xanımla məni tanış etdi. Biz birinci kursda 125 tələbə idik. Bunun 45-i (mən də daxil) əsgəri tələbə olaraq mülkilərlə birgə oxuyurduq. İl yarım sonra mən İstanbula göndərildim. Bu 1,5 il müddətində hər gün birlikdə idik. Leyla xanım da niyəsə tez-tez Beşevlerdə təhsil aldığımız fənn fakültəsinə gələrdi. Əli hər gəlişində anası ilə dalaşar “burada nə işin var” deyərdi. Sonra onların Amerikaya getdiklərini öyrəndim. Nəsiman bəy Fətəlibəyli haqqında ilk kitabını çıxartmışdı. Bir dəfə Esenboğa hava limanında onunla rastlaşdım. Birlikdə İstanbula gedirdik. Kitabını mənə göstərdiyi zaman Əlidən heç bəhs etmədiyini görüb məlumat verdim. Əlini heç bilmirmiş, məndən öyrəndi. İnanmadı, amma sonralar Amerikaya getdiyi zaman araşdırmış, tibbi tərk edib elektronika oxuduğunu, çox fəal olduğunu öyrənmiş, növbəti nəşrə fotosunu da qoymuşdu. Leyla xanım çox şahanə bir qadındı. Bizə çox sevgi bəsləyərdi. Amma Əli onunla həmişə dalaşardı. Əli çox zəkalı uşaqdı. Tibbi niyə tərk etdi anlamadım. O zaman elektronika çox-çox yeni idi”.

İbrahim bəy Rəşid Behbudovun Türkiyədəki ilk konsertlərindən də həvəslə danışardı. Həmin konsertin səs yazılarının özündə olduğunu deyərdi. Eləcə də Zeynəb Xanlarova ilə tanışlığından, İstanbulda ona mehmandarlıq etməyindən bəhs edərdi. Rəşid Behbudovun Türkiyədəki konsert proqramlarının siyahısını mənə bu şəkildə göndərmişdi:

19 mart 1961-də Ankara Böyük Sinema;
İki-üç gün sonra İstanbul Atlas Sinemasında;
1964-də İstanbul Saray Sinemasında;
1966-da İstanbulda Şan Sinemasında
1974-də İzmirdə.

Azərbaycandan gələn qonaqlar onun müsafirləri idilər. Göndərdiyi fotoşəkillərdən birinin izahını belə vermişdi: “Məhəmməd Altunbayın Azərbaycandakı oğlu Nişantaşındakı evimizdə. 1988-ci il. Sağdakı İbrahim Taşdemir”.

Bakıdan gələn qonaq mühacir pilot Altunbayın oğlu yazıçı-dramaturq Oqtay Altunbaydı. Digər göndərdiyi bir fotoşəkildə Əhməd bəy Ağaoğlunun qız nəvəsi Mete Taşkıran da vardı.

Davamlı kitab tövsiyələri verərdi. Mərhum diplomat-tədqiqatçı Bilal Şimşirin “Azərbaycan” kitabını mütləq oxumalı olduğumu demişdi. Son dəfə mənə Nadir şahla bağlı kitabları toplayıb oxumağımı istəmişdi.

Marmara Universitetinin dosenti Mehdi Genceli haqqında həmişə xoş sözlər söyləyərdi. Evinə son ziyarətlərimin birində Mehdi xocayla birlikdə idik. Onun çalışmalarını təqdir edər, örnək göstərərdi.

Son dövrlərdə mühacir rəssam və ictimai-siyasi xadim Əkbər Kazım Muğanın nəvəsi, İstanbul Universitetinin dosenti Suna Muğan xanımla onu tanış etmişdim. Qapalıçarşı söhbətlərinə artıq Suna xanım da qatılmaqdaydı.

Sonuncu dəfə evinə 28 mart 2025-də getmişdim. Yenə elmi işim barədə tövsiyələrini verdi, həmçinin birlikdə yazacağımız kitab haqqında danışdıq.

Bu ilin səhv etmirəmsə, may ayının 13-ü idi. İstanbuldan birdəfəlik Bakıya köçəcəyim üçün onunla görüşmək istədim. Universitetdə bir tədbirə qatılmışdı. Vezneciler metrosunun önündə görüşdük, bir qəhvə içdik. Hər zamankı kimi tövsiyələrini verdi, mütləq yenidən İstanbula gəlib burada işləməli olduğumu dedi. Beləcə İstanbul həyatımın mənə qazandırdığı böyük şəxsiyyətlərdən biri ilə vidalaşmış oldum.

Həmin vaxt çox gümrah idi, sonrakı müddətdə xəstələndiyindən, təəssüf ki, xəbərim olmamışdı. Özü də heç vaxt hiss etdirməzdi.

İbrahim Yıldırım xatirəmizdə hər zaman işıqlı bir insan, parlaq şəxsiyyət kimi qalacaqdır. Onun Azərbaycanın ən çətin anlarında tələbə mübadiləsi üçün gəlməsi, xəstəxanalarda işləməsi, ölkəmiz üçün dəyərli doktorlar yetişdirməsi məsələsi xüsusi bir kitabın mövzusudur. Bu barədə sosial mediada yetişdirdiyi tələbələri yazdığı üçün onun mühacirətşünaslıq sahəsindəki xidmətlərini çatdırmağa çalışdım. Əlbəttə ki, bir qismini.

İbrahim bəy haqqında bir daha yazacağam.