BAKI, 30 sentyabr. TELEQRAF
Süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağrışları sırasındadır.
Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda deyib.
O bildirib ki, bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizin informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır.
"Media süni intellekdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır. Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz", - o əlavə edib.
Əhməd İsmayılov qeyd edib ki, bu müasir yanaşma jurnalistikanın artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas verir:
"Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin nailiyyətlərindən istifadə etməkdədir. Biz bu prosesi yaxından izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirik".