BAKI, 29 sentyabr. TELEQRAF

Türk dövlətlərinin regiondakı nüfuzu artır, onlar arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir.

Teleqraf xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha da gücləndiyini görmək mümkündür.

“Bu, bəzi xarici qüvvələri narahat edir. Onlar Türk dövlətləri arasında fikir ayrılığı yaratmaq və birliklərini sarsıtmaq məqsədilə müxtəlif şirnikləndirici təklifləri gündəmə gətirirlər. İmperiya keçmişinə sahib bu dairələr regiondakı müstəqil dövlətləri hələ də “parçala və hökm sür” məntiqi ilə idarə etməyə çalışırlar. Buna qarşılıq olaraq, biz TDT çərçivəsində əməkdaşlıq və həmrəyliyimizi daha da gücləndirməli, xarici qüvvələrin məqsədlərinə çatmasına imkan verməməliyik”.

O qeyd edib ki, Azərbaycan həmişə xarici siyasətində TDT-nin qlobal müstəvidə mövqeyinin möhkəmlənməsinə dəstək verir:

Xüsusilə, son beş ildə regionumuzda baş verən geosiyasi və geoiqtisadi proseslər TDT-yə, onun həyata keçirdiyi layihələrə diqqəti və marağı artırmışdır. Bu, bizim üçün böyük fürsətdir və biz bu fürsəti əməkdaşlığımızı daha da dərinləşdirmək üçün dəyərləndirməliyik.

Azərbaycan hər zaman xarici siyasətində TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək verib. Prezident İlham Əliyev TDT ilə əməkdaşlığı və təşkilatın gücləndirilməsini Azərbaycan xarici siyasətinin prioriteti kimi müəyyən etdib, “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” ifadəsi ilə bölgədəki digər təşkilatlara da mesaj verib. İlk olaraq məhz Azərbaycan TDT katibliyinin büdcəsinə əlavə 2 milyon dollar ayırıb, TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsünü də irəli sürüb".