AĞCABƏDİ, 27 avqust. TELEQRAF

Ağcabədi rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın törətməkdə şübhəli bilinən Bayram Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Teleqraf-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

***

09:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və yanacaqla dolu çənlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çənlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 48 m² olan 3 otaqdan ibarət ofisin yanar konstruksiyaları yanıb.

Yanacaq çənləri yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

***

09:26

AĞCABƏDİ, 27 avqust. TELEQRAF

Ağcabədidə yanacaqdoldurma məntəqəsində baş verən yanğının təfərrüatları məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, yanacaqdoldurma məntəqəsi qəsdən yandırılıb.

Rayonun Təzəkənd kənd sakini Vəliyev Xəqani Rəhim oğluna məxsus yanacaqdoldurma məntəqəsini onun qardaşı oğlu Vəliyev Bayram Tafiq oğlunun yandırdığı bildirilir.

Yanacaqdoldurma məntəqəsinin sahibi Xəqani Vəliyev bir müddət Rusiyada yaşayıb və bu müddət ərzində məntəqəni onun qardaşı oğlu Bayram Vəliyev işlədib.

Xəqani Vəliyev Rusiyadan qayıdıb, yanacaqdoldurma məntəqəsini özü işlətməyə qərar verəndə qohumlar arasında mübahisələrlə müşayiət olunan narazılıq baş verib. Mübahisələr sonda yanacaqdoldurma məntəqəsinin yandırılması ilə nəticələnib.

Faktla bağlı araşdırma aparılır.

***

08:50

Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Təzəkənd kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Hadisə yerinə gələn FHN-nin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.