BAKI, 14 iyul. TELEQRAF

Nəcəfov Yusif Muğan oğlu 1961-ci ildə Laçının Pircahan kəndində anadan olub. Hazırda Niderlandda yaşayan həmyerlimiz torpaqlarımız işğaldan azad olunduqdan sonra Laçına piyada gedəcəyinə əhd edib.

Dədə-baba yurdunu görmək, əhdini yerinə yetirmək üçün Avropadan Bakıya qayıdan Yusif Nəcəfov təəssüratlarını Teleqraf-la bölüşdü.

- Yusif bəy, nə vaxtdan xaricdə yaşayırsınız?

- 15 ilə yaxındır ki, Niderlandda yaşayıram, bu ölkənin vətəndaşıyam. Əslən Laçının Pircahan kəndindənəm. 1961-ci ildə o kənddə doğulmuşam, 18 yaşıma qədər də orada yaşamışam.

- Avropaya yolunuz necə düşdü?

- 2005-2006-cı illərdə Almaniyadan maşın gətirib satırdıq. Ticarətlə məşğul idim. Orada bir türk vətəndaşı ilə tanış olduq, dil bildiyim üçün məni işə götürdülər, sonra da Niderlandda yaşamalı oldum və beləcə, vətəndaşlıq aldım.

- Amma Azərbaycanla bağlarınız qopmadı…

- 1988-ci ildə meydan hərəkatında olmuşam. Birinci Qarabağ müharibəsində üzərimə düşən vətən borcunu layiqincə yerinə yetirmişəm. 1981-ci ildə əsgərlikdən qayıdandan sonra Bakıda yaşayırdıq. 1992-ci ildə könüllü olaraq müharibəyə yollanmışdım.

- Bəs Laçınla bağlı əhdi nə vaxt etmişdiniz?

- Laçın işğal olunandan sonra əhd etdim ki, torpaqlarımız müharibə yolu ilə qaytarılsın, mən də doğma kəndimizə piyada qayıdım. Yoldaşım da mənə qoşuldu. Allaha şükürlər olsun ki, arzumuza çatdıq. Heç vaxt ümidimi üzməmişdim ki, Laçın getdi, torpaqlarımızı itirdik…

Əhd etdim ki, müharibə yolu ilə torpaqlarımız, Laçın geri alınsın, 7-ci mikrorayondakı evimizdən Pircahana qədər piyada gedəcəm.

44 günlük müharibədə Laçının geri qaytarıldığını eşidəndə yoldaşım da mənim əhdimə qoşuldu. Qərar verdik ki, kəndimizə qədər piyada gedək.

Amma təəssüf ki, kəndə qədər piyada getməyə sağlamlığımız əl vermədi. Həyat yoldaşım velosipeddən yıxıldığı üçün ayağında sınıqlar vardı. Mənim də səhhətimdə bəzi problemlər var. Biz Şamaxıya qədər piyada gedə bildik.

Allah Şamaxı yoluna qədər getməyə möhlət, imkan verdi. Laçınlı din xadimi Seyid Zamin Ağaya zəng etdim, dedim ki, əhdimin tamamlanması üçün piyada gedə bilmirəm artıq. O da cavab verdi ki, maşın göndərirəm. Seyidin maşını ilə yol getdik, inanırsınız, bütün ağrılarımız keçdi. Bərdədə də onun bacısıgildə qaldıq.

- Kəndinizi görmək, illər sonra o torpaqlara yenidən ayaq basmaq necə hiss idi?

- Kəndimizə getdik, qalıqlarını gördük. Həm sevinc, həm kədər hissi yaşadıq. Çox şükür, Laçın artıq azaddır, Qarabağ artıq azaddır. Doğulub, 18 il yaşadığım kəndin torpaqlarına yenidən ayaq basmaq möhtəşəm duyğu idi. Allah qismət etsə, dövlətimiz də izin versə, gələn il o torpaqlarda təsərrüfat yaratmaq istəyirəm. Arıçılıq, heyvandarlıq və s. hər hansı bir təsərrüfat növü ola bilər. Əhd etmişəm ki, o təsərrüfatı açıb böyüdə bilsəm, gəlirlərini şəhid ailələrinin təminatına yönəldəcəm.

Yusif bəy deyir ki, bir oğlu, bir qızı var. Oğlu hazırda Niderlandda yaşayır, amma tezliklə o da gəlib ata yurdunu görmək niyyətindədir: "Uşaqlarım Bakıda doğulublar, kəndimizi görməyiblər, amma onlar da torpaqlarımızı görmək arzusuyla yaşayıblar".