BAKI, 20 iyun. TELEQRAF
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Voleybol Mərkəzində keçirilən dövlət qurumları arasında voleybol yarışlarına yekun vurulub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yarışlarda iştirak edən FHN-in həm qadın, həm də kişilərdən ibarət yığma komandaları ən yüksək nəticə göstəriblər.
Belə ki, dairəvi sistem üzrə mübarizə aparan FHN-in qadınlardan ibarət “Xilasedici” komandası bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nazirliyin kişilərdən ibarət eyniadlı - “Xilasedici” voleybol komandası da qrup şəklində mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib və turnirin çempionu adını qazanıb.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.