BAKI, 9 iyun. TELEQRAF
Naxçıvanda yerləşən “Kassap Döner” dönərxanasında zəhərlənmə hadisəsi ilə bağlı nəticələr 2 gün sonra açıqlana bilər.
Bunu Teleqraf-a açıqlamasında Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi sədrinin köməkçisi Rəsul Heydərzadə deyib.
O, hazırda məsələ ilə bağlı araşdırma aparıldığını deyib:
"Nümunələr götürülüb və aidiyyəti laboratoriyalara təqdim olunub".
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov isə deyib ki, bununla bağlı təxirəsalınmaz tədbirlər görülüb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
***
10:56
BAKI, 9 iyun. TELEQRAF
Naxçıvanda yerləşən “Kassap Döner” dönərxanasında zəhərlənən şəxslərin durumu açıqlanıb.
Teleqraf-ın sorğusuna cavab olaraq Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən bildirilib ki, zəhərlənən 17 nəfər dərhal tibb müəssisəsinə yerləşdirilib və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların səhhəti qənaətbəxşdir və heç bir həyati təhlükə yoxdur.
Qeyd olunub ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb.
***
09:32
BAKI, 9 iyun. TELEQRAF
Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfər dönərdən zəhərlənib.
Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Zəhərlənən şəxslər Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.
Agentlikdən bildirilib ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.