BAKI, 3 iyun. TELEQRAF

Hazırda Qurban bayramına hazırlıq mərhələsi başa çatır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qabil Əbdüləliyev Qurban bayramı ilə bağlı təşkil edilən infoturda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq.

Onun sözlərinə görə onlardan yetmiş yeddi ünvanda heyvanların həm satışı və kəsimi həyata keçiriləcək:

"Digər ünvanlarda isə heyvanların kəsilmədən satışı aparılacaq. Bu məntəqələrin potensialı gün ərzində on min başdan çox heyvanın kəsiminə və otuz üç min başdan çox heyvanın satışına imkan verir. Bununla da bütövlükdə respublikada olan tələbatın tam qarşılanmasına nail olunacaq".

O bəzi ünvanlarda kəsim məntəqələrinin olmadığını da bildirib:

"Həmin yerdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar formalı çadır tipli kəsim məntəqələrindən istifadə olunacaq. Bu məntəqələr Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa, Ağdərə, Babək Şərur və Ordubad rayonlarında, eyni zamanda Bakı şəhərində, iki yerdə və Quba şəhərində yaradılacaq. Eyni zamanda, vətəndaşlarımız, süper marketlər şəbəkəsində qurbanlıq heyvanlarla təchizat xidməti göstərən marketlərdən istifadə edə bilərlər. Respublikada on altı ünvanda da bu işlər həyata keçiriləcək. Bunun üçün əlaqədar qurumların iştirakı ilə işçi qruplar yaradılıb. Bu işçi qrupların nəzarəti ilə həmin ünvanlara daxil olan heyvanlar baytarlıq müayinəsindən keçiriləndən sonra kəsimə buraxılacaq".

Q. Əbdüləliyevin sözlərinə görə, heyvan kəsildikdən sonra mütləq onun baytarlıq sanitariya ekspertizası aparılacaq və sifariş üzrə təqdim olunacaq

"Tövsiyə edirik ki, sıxlıq yaranmaması üçün, bütün prosedurların normal həyata keçirilməsi üçün iki gün müddətindən tam istifadə etmək lazımdır. Təcrübə göstərir ki, Qurbanın birinci günü birinci yarısında daha çox təşəbbüslər olur və bu da çətinliklər yaradır. Ancaq aidiyyəti qurumlar tərəfindən yaranan tullantıların toplanması, kənarlaşdırılması, onların idarə olunması, eyni zamanda, son təmizləmə və dezinfeksiya işlərinin aparılması həyata keçiriləcək.

Aidiyyəti qurumların iştirakı ilə ümumilikdə heyvan kəsiminin tənzimlənməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə tənzimlənir. Burada həm hüquq mühafizə orqanlarının, həm yerli icra hakimiyyəti orqanlarının müəyyən məsuliyyət müəyyənləşdirilmişdir ki, bu istiqamətdə ardıcıl olaraq qurban bayramından asılı olmadan tədbirlər həyata keçirilir.

Məntəqələrdə müraciətlər supermarketlər şəbəkəsinə olur. Ancaq təcrübə göstərir ki, bütövlükdə heyvan kəsimiylə əlaqədar təqribən 35 000-ə qədər heyvanın kəsimə təqdim olunması gözlənilir".