BAKI, 28 may. TELEQRAF
Ötən il mayın 19-da "Qalatasaray" - "Fənərbağça" matçından sonra baş verən və stadion menecerinin döyülməsi ilə nəticələnən hadisələrlə bağlı aralarında futbolçu Jayden Quinn Oostervolde də olmaqla 5 şübhəlinin mühakimə olunduğu iş üzrə məhkəmə iclası keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, müdafiəçi Jayden Quinn Oostervolde baş verənlərdən xəbərsiz olduğunu və heç kimə toxunmadığını deyib.
Məhkəmə nöqsanların aradan qaldırılması məqsədilə iclası 18 sentyabra təxirə salıb.
Hadisə ötən ilin 19 may tarixində, "Qalatasaray" ilə "Fənərbağça" arasında Rams Park Stadionunda keçirilən matçdan sonra baş verib. Bununla bağlı aralarında Jayden Quinn Oostervolde və Mert Hakan Yandaş da daxil olmaqla 5 nəfərin mühakimə olunduğu məhkəmə iclası İstanbul 3-cü Ağır Cəza Məhkəməsində baş tutub.
İclasda məhkəmənin məcburi gətirilməsi qərarı çıxardığı Jayden Quinn Oostervolde, şahid Mert Müldür, "Qalatasaray" stadionunun müdiri Əli Çelikkıran və tərəflərin vəkilləri iştirak ediblər.
Aylıq gəlirinin 100 min avro civarında olduğunu bildirən müttəhim Jayden Quinn Oosterwolde müdafiə çıxışında deyib ki, həmin gün qələbəni qeyd etmək üçün meydançaya çıxıb.
"Meydançanın ortasında şəkil çəkdirdim, sonra biri gəlib bayrağımızı götürmək istədi. Sonra başqa biri də gəlib bayrağımızı götürmək istədi. Daha sonra çox adam bir yerə toplandı. Nə baş verdiyini mən də anlamadım. Heç kimə toxunmadım. Nə üçün burada olduğumu, kimin kimə nə etdiyini bilmirəm", - deyə əlavə edib.