BAKI, 27 may. TELEQRAF
Ali məktəbi bitirən hər bir məzunu maraqlandıran bir məsələ olur: Harada işə düzələ bilərəm? İxtisasıma uyğun iş tapa biləcəyəmmi?
Bu gün Bakı Dövlət Universitetinin həyətində təşkil edilən Karyera Festivalı məhz iş axtaran məzunlar üçün nəzərdə tutulub. Bəs məzunlar bu fürsətdən yararlana bilirlərmi?
Festival Bakı Dövlət Universiteti (BDU), Dövlət Məşğulluq Agentliyi və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə reallaşıb. “Açıq qapı” formatında təşkil edilən festivalda təkcə BDU-nun deyil, digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran vətəndaşlar da iştirak edirdilər.
Festivalda ölkəmizin 100-dən çox nüfuzlu işəgötürəni tələbə və məzunlara 1200-dən artıq vakansiya, 500-dək təqaüd proqramı təqdim edib.
Teleqraf-ın əməkdaşı festivalda baş verənləri qələmə alıb.
BDU-nun həyəti bəzədilmiş və işəgötürən şirkətlərin stendləri ilə əhatələnmişdi. Stendlər göy və qırmızı rəngdə idi. Şirkətlərdə çox sayda təcrübə proqramları, vakansiyalar mövcud idi. Onlar özlərinə məxsus broşurlarını, kitabçalarını, həmçinin özlərinə məxsus qələm, dəftər kimi kiçik bir hədiyyə də təqdim edirdilər.
Tədbirdə açılış nitqi ilə BDU-nun rektoru Elçin Babayev, daha sonra bir neçə rəsmi şəxs də çıxış etdi.
Çıxışlardan sonra rektor və rəsmi şəxslərin hər biri stendlərə yaxınlaşıb onlarla tanış oldular, nümayəndələr isə onları məlumatlandırdı.
.jpg)
Günəşin istisində musiqi sədaları altında insanlar stendlərə axışırdı. Onlar təqdim olunan broşurlarla tanış olur, kiçik hədiyyələrdən götürürdülər.

Mən də bir-bir stendlərə yaxınlaşmağa başladım. Şirkət nümayəndələri məni də digərləri kimi tələbə, məzun və ya işaxtaran sanıb tez məlumat verməyə çalışırdılar ki, onlara media nümayəndəsi olduğumu bildirdim. Ondan sonra bəziləri mənə yalnız rəhbərlikdən müsbət cavab alandan sonra müsahibə verə biləcəklərini dedilər.
Uğurlu tələbələri cəlb etməyə maraqlıyıq
Öncə "PAŞA Sığorta"nın stendinə yaxınlaşdım. Şirkətin əməkdaşı Şəhla Xudiyeva bildirdi ki, bugünkü festivalda təxmini 40-a yaxın tələbə ilə ünsiyyətdə olub.
Onun sözlərinə görə, tələbələrin əksəriyyəti ixtisaslarına uyğun vakansiyalarla maraqlanıblar:
“Biz maraqlananların hər birini məlumatlandırmışıq. Bizim vakansiyalar əsasən təcrübə proqramlarıdır: satış, data analitik, data elmləri, maliyyə nəzarəti, mühasibatlıq.
Təcrübə proqramlarımız çoxdur və hazırda 10 nəfər axtarışındayıq. Festivalda tapdığımız şəxslərin ilkin olaraq CV-lərini toplayırıq və uyğun olanları müsahibəyə dəvət edirik, daha sonra işlə təmin edirik. Bizim belə praktikalarımız olub. Gəncləri təcrübəçi kimi götürüb yetişdirmişik və onlar daha sonra daimi əməkdaşımız kimi fəaliyyət göstəriblər. Biz uğurlu tələbələri cəlb etməyə maraqlıyıq. Gəncləri öyrətmək və onları gələcəkdə şirkətimizin əməkdaşı kimi yetişdirmək, əmək bazarına uyğun hazırlamaq, cəmiyyətə faydalı etmək istəyirik”.
.jpg)
"Azərsun Holding"in insan resursları üzrə mütəxəssisi Rifat Alməmmədov isə dedi ki, bu gün onlara təxmini 45-55 nəfər müraciət edib.
“Daha çox təcrübə proqramlarında vakansiya var. Hazırda bizdə insan resursları, maliyyə, marketinq, sığorta, keyfiyyətə nəzarət, istehsalat yönündə vakansiyalar mövcuddur. Vakansiyalar hər həftə yenilənir. Vakansiya üzrə müraciət edənləri imtahana cəlb edirik və imtahanda uğurlu nəticə əldə edənləri müsahibəyə dəvət edirik, daha sonra isə uyğun olarsa işə götürürük”, - nümayəndə bildirdi.
Dedilər CV yazın
Stendləri gəzən BDU-nun ekologiya kafedrasının aqrokimya ixtisasının 3-cü kurs tələbəsi Xədicə Əhmədzadənin sözlərinə görə, festivalla bir saytda tanış olub və dostu ilə birlikdə qatılmaq istəyib. Onu öz ixtisasına uyğun vakansiyalar maraqlandırır.

“Bizim öz ixtisasımıza marağımız var və bu sahədə irəliləmək istəyirik. Belə layihələr, festivallar ikimizi də maraqlandırır və qarşımıza çıxanda tez qoşulmağa çalışırıq. Həqiqətən də, çox yaralanırıq, sertifikatlar qazanırıq.
Burada daha çox qida təhlükəsizliyi ilə bağlı vakansiyalarla maraqlandıq. Xeyli məlumatlandıq və bizə CV yazmağı tövsiyə etdilər”, - o əlavə edir.
Xədicə ilə birlikdə gələn dostu da festivaldan razılığını bildirdi.
"Mən belə festivallarda iştirak etməyi və yararlanmağı xoşlayıram. Mən də qida təhlükəsizliyi ilə maraqlanıram. Düşünürəm, festival faydalı olacaq".
.jpg)
Axır ki, tapdım
BDU-nun 1-ci kurs tələbəsi Elvin Alıyevi isə aqrar sahə üzrə bağlı ixtisaslar maraqlandırır:
“Maraq dairəmə uyğun 2 vakansiya tapa bildim. Əvvəl belə bir festivala qatılmışdım, amma orada marağıma uyğun olanını tapa bilməmişdim. Burada tapdığım iki vakansiyaya müraciət edəcəm, CV hazırlayacam”.

Festivala iş axtarmağa gələnlərdən biri bu il məzun olacaq Aysun İsmayılovadır. O dedi ki, festivalda onu məyus edən cəhət bütün sahələr üzrə vakansiyaların olmamasıdır.
"Mən bu il tarix müəllimliyini bitirirəm. Təəssüf ki, öz ixtisasıma uyğun vakansiya tapa bilmədim. Bəs mən nə edim? Bir vakansiya var idi, o da ingilis dilli tarix müəllimləri üçün nəzərdə tutulmuşdu. Daha çox biznes, iqtisadiyyat sahəsində vakansiya gördüm. Hər sahə üzrə vakansiya olsa daha yaxşı olardı", - deyə bildirir.
Bir digər işaxtaran İlkin Muradov da Aysun İsmayılova ilə həmfikirdir.
"Ümumiyyətlə, iş vakansiyalarından daha çox təcrübə proqramlarını gördüm. Onları bitirdikdən sonra yəqin ki, işlə təmin edirlər. Daha çox texniki sahəyə uyğun proqramlarla tanış oldum, sanki humanitar sahəyə uyğun vakansiyalar yox idi. Vakansiya, təcrübə proqramları bütün ixtisaslarda olsa, daha yaxşı olar", - o vurğuladı.
Təxminən 3-4 saat davam edən festival gənclər üçün həm informasiya, həm də iş imkanı üçün bir platforma idi. Ümid edirik ki, bu platforma onların gələcək həyatlarında önəmli rol oynamağı bacaracaq.