BAKI, 27 may. TELEQRAF

Azəbaycan heç bir dinin nümayəndəsinə ikili standartla yanaşmayan ölkə kimi dünyaya nümunədir.

Teleqraf xəbər verir ki, bunu İtaliyanın COREIS şirkətinin vitse-prezidenti İmam Yahya Pallavicini "Avropada anti-müsəlman qanunvericiliyin institutlaşdırılması. Radikallaşma fonunda islamofob ritorika" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

"Avropalı müsəlmanlar: ikili standartlara yox" adlı məruzəsində o qeyd edib ki, yəhudi-xristian köklü avropalılar öz güclərindən istifadə edib islamofob yanaşmaları yayırlar.

"Onlar yəhudilik, xristianlıq və islam - təkallahlı dinlərin Avropaya şərqdən gəldiyini unudurlar. Müsəlman elm adamları yunan filosofların kitabının ilk tərcüməçiləridir. Avropalılar təkcə buna görə müsəlmanlara minnətdar olmalıdır. Ədalətli, inanclı insan olmaqla Avropa vətəndaşı olmaq arasında fərq yoxdur. Onlarsa müsəlmanlara ən yaxşı halda yuxarıdan aşağı baxırlar. Müsəlmanlara ikili standartlarla yanaşırlar, onları "ikinci sinif" hesab edirlər. Bu problemin köklərini anlayıb, dialoq qura bilmələri üçün avropalılara İslam haqqında məlumat verməliyik", - o vurğulayıb.

Dünya bu məsələyə həssas yanaşmalıdır

Almaniya Mərkəzi Müsəlman Şurasının rəhbəri Abdassamad El Yazidi isə bildirib ki, Almaniyada baş verən qətl hadisəsində müsəlman qurbana qarşı həmrəylik göstərilməməsi artıq beynəlxalq cəmiyyətlərdə müsəlmanlara qarşı nifrət sərgilənməsinin qəbul edildiyinin göstəricisidir.

O qeyd edib ki, islamofobiya artıq qətllər dərəcəsinə gəlib çatıb.

"Bugünkü tədbiri təşkil etdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirəm. ISESCO-ya Qurani-Kərimin yandırılmasına verdiyi reaksiya üçün təşəkkür edirəm. İslamofobiya təkcə müsəlmalara yox, insanlığa qarşı nifrət sərgiləməkdir. İslamofobiya ilə mübarizə təkcə müsəlmanların öhdəsinə düşməməlidir. Dünya burada həssaslıq göstərməlidir. İnsan hüquqları bunu tələb edir",- o bildirib.

Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.