BAKI, 27 may. TELEQRAF

Bu gün doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə köçürülən 206 nəfərdən ibarət 48 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Teleqraf xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

***

14:07

Bu gün doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə 206 nəfərdən ibarət 48 ailə köçürülür.

Onlara yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim ediləcək.

***

06:25

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə daha 48 ailə - 206 nəfər köçürülüb.

Bununla da Ağdam rayonunun Kəngərli kəndinə ümumilikdə 157 ailənin (694 nəfər) qayıdışı təmin olunub.