BAKI, 28 aprel. TELEQRAF
Yardımlıda ticarət obyektində istifadə müddəti bitmiş məhsulların satışa çıxarıldığı aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən ticarət obyekti fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsusdur.
Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kq olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.