BAKI, 28 aprel. TELEQRAF

Ölkəmizdə “2019–2030-cu illərdə Məşğulluq Strategiyası”nın, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunların qəbul olunması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində aktiv tədbirlərin səmərəliliyinin artırılmasını təmin edir.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ünvanlılıq prinsipi çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.

"2018-ci ildən başlayaraq, görülmüş tədbirlər nəticəsində 1,6 milyon şəxs müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub. 721 mindən artıq işsiz və işaxtaran şəxs münasib işlə təmin olunub, 42 mindən çox şəxs peşə hazırlığına, 3,3 min şəxs əməkhaqqının birgə maliyyəşməsi proqramına cəlb olunub. Məşğulluğun təminatı sahəsində əldə olunan bu nəticələrdə işəgötürənlərin rolunu xüsusi qeyd etmək lazımdır. Ötən dövrdə 97 mindən çox ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb".

Nazir həmçinin əlavə edib ki, 2019-cu ilin may ayından bu günə kimi DOST Mərkəzlərində vahid platformadan, tam şəffaf və operativ formada 3,4 milyondan çox vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,4 faizdir.

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilber Hunqbo deyib ki, süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyinin artırılması, risklərin monitorinqinin məhsuldarlığının yüksəldilməsi baxımından geniş imkanlar təklif edir.

"Bu texnologiyaların eyni zamanda ciddi narahatlıqlar da doğurur. Diqqətli və etika tələb edən bir tətbiq olmadan işçi nəzarəti və alqoritmik idarəetmə kimi alətlər hüquqları şəxsi azadlığı və rifahı təhlükə altına bilər".

O qeyd edib ki, bunun qarşısını almaq və süni intellektin iş dünyasında faydalı məqsədlərlə istifadə olunmasını təmin etmək üçün insan mərkəzli yanaşma zəruridir: "BƏT olaraq təhlükəsiz və sağlam iş mühiti yaratmaq üçün səylərinizdə sizi bundan sonra da dəstəkləməyə hazırıq. Gəlin, 120 il əvvəl bağlanmış ilk kollektiv sazişin ruhunu yaşadaq. Biz birlikdə texnoloji innovasiyalardan istifadə edərək hamı üçün mühafizəkar, inklüziv və layiqli şəraitini gücləndirilməsini təmin edə bilərik".