BAKI, 24 aprel. TELEQRAF
Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndə heyəti Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfərə gəlib.
Teleqraf xəbər verir ki, 24 – 27 aprel tarixlərini əhatə edən səfərin əsas məqsədi qurumlar arasında fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparmaq və daha əvvəl tərəflərin imzaladığı Anlaşma Memorandumunun müddətinin uzadılmasından ibarətdir.
Səfər çərçivəsində bu gün keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Nino Tsereteli və digər rəhbər şəxslər iştirak ediblər.
.jpg)

