BAKI, 19 aprel. TELEQRAF
"Gecə biz özümüz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrini çağırmışıq, bütün yemək və ərzaqlardan nümunələr götürülüb".
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq "Venesiya" şadlıq sarayının məsul şəxsi Hacı Şükürov deyib.
O bildirib ki, yaxın saatlarda nəticələr aydın olacaq.
H.Şükürovun sözlərinə görə, eyni saatda müxtəlif zallarda toy olub və onlardan sadəcə birində bu hadisə baş verib:
"Halbuki, eyni mətbəxdən eyni aşbazlar yeməkləri hazırlayıb və həmin yeməklər müxtəlif zallara verilib. Buna görə, bu bizim üçün də maraqlıdır və özümüz də bunu araşdırırıq. Əgər problem olsa idi, bütün zallarda olardı. Hətta AQTA-nın işçiləri soyuducuda olan ərzaqlara baxıb keyfiyyətli olduğunu deyiblər. Tanıyan hamı da bilir ki, burada hər şey yüksək səviyyədə keyfiyyətli olur. Bəlkə toy sahibinin kimləsə ədavəti olub, bunlar hamısı sual altındadır".
Qeyd edək ki, dünən axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında zəhərlənmə hadisəsi qeydə alınıb. Bu gün 32 nəfər (23 qadın, 9 kişi) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.