
BAKI, 29 mart. TELEQRAF
Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə ermənilər xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar, soyqırımı aktları törədib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar.
31 mart 1918-ci ildə baş vermiş soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır. Ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdi. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları da qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.
Dinc azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilmələri, yurd-yuvalarından qovulmaları, şəhər və kəndlərimizin dağıdılması, tarixi mədəni irsimizin müxtəlif vasitələrlə öznünküləşdirilməsi, inanc yerlərimizin, məscidlərin, qəbiristanlıqların murdarlanması... Bütün bunlar ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vandalizm əməllərinin tam olmayan siyahısını təşkil edir. Sadalanan vandalizm əməlləri ermənilərin özləri barədə uydurduqları “mədəni xalq” mifinin heç bir əsası olmadığını sübuta yetirir.
S.Şaumyan başda olmaqla Bakı bolşevikləri daşnaqlarla birlikdə mart ayının 30-31-də milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılıq etdiyi quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırdılar, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyalarını dağıtdılar, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etdilər. O dövrün mətbuatında dərc edilən statistikaya əsasən təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə yeksan edilib...
Sadalanan faktlardan da göründüyü kimi, 1918-ci ilin martında və sonrakı aylarda ermənilərin törətdikləri vəhşiliklərin miqyası kifayət qədər genişdir və xüsusi qəddarlığı ilə diqqəti cəlb edir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində qətliamlar törətdiklərinə diqqət çəkərək deyib: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur”.
Tarixin dərsləri nə qədər acı olsa da, biz ondan ibrət götürməliyik. Xüsusilə gənc nəsil keçmişdə xalqımızın düçar olduğu qətliamlar, soyqırımları barədə ətraflı bilgilərə malik olmalıdır. Bu, ilk növbədə, gələcəyimiz üçün, faciələrimizin təkrarlanmaması naminə zəruridir. Bu baxımdan 31 mart soyqırımına Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi və hüquqi qiymət verilməsi mühüm tarixi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin ömrü az oldu və başlanılan işlər yarımçıq qaldı. Sovet hakimiyyəti illərində isə 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam başqa rakursdan təqdim edilirdi. Soyqırımının təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edilirdilər, onlara heykəllər ucaldılır, şənlərinə mahnılar bəstələnirdi. Müstəqilliyimizin ilk illərində hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət vermədi. Halbuki, ermənilərin respublikamıza qarşı yeni ərazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış müharibəyə başladıqları bir dövrdə bu, çox vacib idi.
Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ötən dövrdə aşkarlanmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Xocalı soyqırımı erməni vəhşiliyinin növbəti sübutudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu faciə dünyanın gözü qarşısında baş verib: “Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.
Belə bir şəraitdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması da müstəsna önəm daşıyır. Biz yalan tarix, saxta mədəniyyət daşıyıcısı olan ermənilərin əsl simasını açıb göstərməli, onların maskalarını yırtmalıyıq. Bu istiqamətdə Prezident İlham Əliyevin ardıcıl fəaliyyəti təqdirəlayiqdir. Dövlət başçımız müxtəlif auditoriyalarda çıxışlarında tarixi ədalətin gec-tez bərpa olunacağına dərin inam ifadə edir. Prezident İlham Əliyev inamla və qətiyyətlə bildirib ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. 44 günlük müharibədə qazanılan şanlı Qələbə sayəsində biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik, işğalçıları torpaqlarımızdan qovduq. Növbəti hədəfimiz isə zamanında yurd yerlərindən - indiki Ermənistan ərazisindən zorla qovulmuş soydaşlarımızın tarixi torpaqlarımıza layiqli şəkildə qayıdışını təmin etməkdir. Xalqımızın o yerlərə güclü mənəvi bağlılığı var. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər üç mərhələdə deportasiyaya məruz qalmış azərbaycanlıların geri dönüşünün təmin edilməsi üçün bir növ yol xəritəsidir. Qeyd edək ki, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında müvafiq Sərəncam da imzalayıb. Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Xüsusi qeyd edilməlidir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Artıq dünya erməni yalanlarına inanmır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş güclü Azərbaycan əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına bundan sonra da davam edəcək!
Samir Vəliyev
Milli Məclisin deputatı