BAKI, 24 mart. TELEQRAF

“Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə hazırda Tovuz Rayon Mərkəzi xəstəxanasındadır, pediatrların nəzarətindədir. Onun səhhətində həm fiziki, həm də müəyyən əqli problemlər var”.

Bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib:

“Körpə 1 yaş 2 aylıq olmasına baxmayaraq, hazırda 6 aylıq uşaq vəziyyətindədir. Uzun müddət yeməksiz, əsasən susuz qaldığına görə səhhətində müəyyən problemlər yaranıb, otura bilmir. İndi ona xüsusi nəzarət edirlər. Müəyyən təhlillər aparılıb, testlərdən keçdikdən sonra uşağa düzgün müalicə təyin olunub. Pediatrlar bayram günlərindən sonra körpənin Bakıya köçürüləcəyinə qərar verəcəklər. Dövlət müəssisəsi olan körpələr evində və ya sənədləri düzələnə qədər hansısa uşaq sığınacağında qala bilər. Bu, hələki məlum deyil”.

K. Ağazadə vurğulayıb ki, uşaq anasına verilməyib. "Bu yalnış məlumatdır. Uşaq aşkar olunandan sonra xəstəxanaya yerləşdirilib və indiyə qədər də oradan çıxarılmayıb. Sadəcə ana ilə profilaktik söhbətlər aparılıb. Hər şey göz qabağındadır. Ananın körpədən imtina etməyinə ehtiyac qalmayacaq. Belə halda onun valideynlik hüquqları məhdudlaşdırılır, daha sonra məhkəmə qərarı ilə valideynlik hüququndan imtina edilir”.

Xatırladaq ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub. O, Tovuz Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, uşağın anası Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.