
BAKI, 5 mart. TELEQRAF
İmtahan prosesində stress məsuliyyət göstəricisidir.
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.
Onun sözlərinə görə, insanı stressiz təsəvvür etmək olmaz, amma stressi idarə etmək və minimuma endirmək lazımdır.
"İmtahan sadəcə bilik deyil, həm də çeviklik göstəricisidir. İmtahanda ən çox stress yaradan anlayış şübhəli biliyin olmasıdır. Bu halda insan bildiyini də unudur və bu stress abituriyentin akademik göstəricilərinə də təsir edir”, - deyə o əlavə edib.
O valideynlərə səslənərək deyib ki, valideyn övladının imtahanda deyil, həyatda da 5 almağına çalışmalıdır.
“Abituriyent imtahana 1 gün qalmış dincəlməlidir, sakit olmalıdır, nəfəs məşqləri edə bilər, həmçinin hər hansı dərs materialına da baxa bilər. Bu daha yüksək keyfiyyət göstəricisidir.
İmtahan sadəcə rəqabətdir. İmtahana yüklənən mənanı anlamaq lazımdır. İmtahan hər şey demək deyil, bunu valideynlər də anlamalıdırlar.
Davamlı tənqid və başqaları ilə müqayisə uşaqların özünəinamını zəiflədir. Belə bir şəraitdə böyüyən gənclər öz dəyərlərini yalnız akademik uğurlarla ölçməyə başlayırlar. Bu, depressiv düşüncələrə, sosial çəkilməyə və hətta özünütənqid meyllərinin artmasına gətirib çıxara bilər. Övladlarının yalnız qiymətlərinə görə deyil, bilik və bacarıqlarına görə dəyərləndirilməsi daha sağlam psixoloji inkişafı təmin edir. Valideynlər üçün ən vacib məsələ, övladlarının fərdi bacarıq və potensialını nəzərə almaqdır.
“Ən yaxşı nəticəni gözləyirəm” kimi ifadələr əvəzinə, “Əlindən gələni etsən, kifayətdir” mesajını vermək, gəncin özünü daha güvənli hiss etməsinə və daxili motivasiyasını qorumasına kömək edir. Eyni zamanda, akademik göstəricilərdən əlavə, həyat bacarıqları və şəxsiyyət inkişafı da uğurlu gələcək üçün vacib faktorlardır”, - deyə o vurğulayıb.