Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və girovluqdan qayıdanlar, həmçinin əsir, girov və itkin düşmüş şəxslərin ailə üzvləri iştirak edib.

Təşkilatın sədri Esmira Orucova bildirib ki, Xocalı soyqırımından 23 il ötməsinə baxmayaraq, bu faciənin izləri hələ də xocalıların yaddaşında qalmaqdadır. Onun sözlərinə görə, ermənilər Xocalını işğal edərkən yerli əhaliyə qarşı insanlığa sığmayan vəhşiliklər ediblər: “Onlar silahlı insanlara qarşı qətliam törədərək, uşaqlara, qadınlara, ahıl insanlara aman verməyiblər. Xocalılar hələ də əsir və girovluqda olan, eyni zamanda itkin düşən yaxınlarının yolunu gözləyir. Təəssüflər olsun ki, ermənilər bu günədək onlar haqqında məlumat verməkdən imtina edir. Azərbaycan dövləti bütün beynəlxalq təşkilatlara azərbaycanlı əsir, girov və itkinlərlər bağlı dəfələrlə çağırışı etməsinə baxmayaraq, bu insanlar hələ də ermənilərin zülmü altındadır. Ermənistan bu addımı ilə əsir, girov və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konvensiyaları ayaqlar alıtna alır”.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar şöbəsinin məsləhətçisi Rüstəm Ramazanov, “Azersun” Holdinqin humanitar şöbəsinin rəhbəri Rüfət Qasımov, Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev iştirak ediblər.

Sonda əsir,girovluqdan qayıdan şəxslərə, o cümlədən əsir, girov və itkin düşmüş insanların ailə üzvlərinə “Azersun” Holdinq tərəfindən hazırlanmış ərzaq bağlamaları paylanılıb.

BƏXTİYAR