Nizami Gəncəvi haqqında mühacirət mətbuatında kifayət qədər yazılar olmasa da, siyasi xadim, eyni zamanda ictimai-ədəbi yazıları ilə böyük bir dövrə adını yazdırmış Məhəmmədəmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri bu boşluğu dolduracaq ən mühüm tədqiqatdır. Bu əsərin ədəbi xüsusiyyətləri ilə yanaşı yazılma tarixçəsi, M.Rəsulzadənin tədqiqatı ərsəyə gətirmə səbəbi və məqsədi əsər qədər əhəmiyyətlidir. Dövrün ədəbi dilinin fars dili olması səbəbinə görə bu dildə poemalar yazan Nizami Gəncəvinin bu mühitdən çıxarılaraq Azərbaycan şairi kimi təqdim edilməsinə M.Rəsulzadənin azərbaycançılıq ideologiyası çərçivəsində baxmaq gərəklidir.

Təqdim etdiyimiz bu məqalədə mühacirət irsimizdə Nizami Gəncəvinin yeri və xüsusilə M.Rəsulzadənin əsərini qələmə alması tarixçəsi ilə bağlı xatirələrə nəzər yetirilib.

Məhəmmədəli Rəsulzadə və Nizami

Əhməd Cəfəroğlunun müdiri olduğu “Azerbaycan Yurt Bilgisi” jurnalının 1934-cü ildə çap olunan 31-32-ci qoşasayında Azərbaycan Cümhuriyyəti Parlamenti üzvlərindən, mühacir həyatı yaşayan Məhəmmədəli Rəsulzadənin “Gəncəli Nizami” adlı məqaləsi dərc edilib. “Azərbaycan ədəbiyyatının ən böyük ustadlarından biri sayılan” cümləsi ilə məqaləsinə başlayan Rəsulzadə yazısının əsas məqsədinin şairin milliyyəti olduğunu qeyd edib. Şairin milliyyəti məsələsinin gündəmə gəldiyi bu məqalə hər iki Rəsulzadələrin zaman-zaman bu mövzu ətrafında müzakirə apardıqlarını düşünməyə əsas verir.

Məhəmmədəli Rəsulzadə mövzuya toxunma səbəbini bu şəkildə izah edib: “Bizi burada ən çox əlaqədar edən məsələ şairin milliyyəti məsələsidir. İndiyə qədər şair haqqında söz söyləyənlər Nizamini ancaq fars şairi olaraq göstərmişdirlər. Biz isə buradakı təcrübə ilə tam əksinə olaraq Nizaminin xalis türk olduğuna dair cığır açmağa çalışacağıq. Zira, Gəncədə doğulub orada böyüyüb təhsil alan və ölən Nizamini tarixçilərimizin fars olaraq göstərmələri bizcə haqsızlıqdan başqa bir şey sayılmamaqdadır”.

M.Rəsulzadə şairin fars olması ilə bağlı iddiaya səbəb olan Qum şəhəri civarında doğulması məsələsinə bu şəkildə cavab verib: “... Nizaminin Qum Gehistanından olması onun fars olduğuna qüvvətli bir əsas təşkil etməməkdədir. Zira, məlum olduğu vəchilə əskidən bəri Qumun civarında bir çox türk əşirətləri yerləşmiş və buraya iskan etmişdirlər... Qum civarında yaşayan müxtəlif türk əşirətlərinin bu gün də farsi bilmədikləri kimsə tərəfindən təkzib edilə bilməyəcək bir həqiqətdir. Bu etibarla Nizaminin əcdadının Qum şəhəri civarından Gəncəyə gəlməsi heç də şairin mühəqqəq fars olduğunu isbat edəcək mühiq bir dəlil deyildir”.

M.Rəsulzadə Nizaminin türk olması ilə bağlı iddiasını qüvvətləndirən dəlil kimi Şirvanşah Axsitanın (məqalədə İhtisanşah) “Leyli və Məcnun” poemasını Nizamidən fars dilində istəməsini və bu barədə əsərin girişində qeyd verilməsini göstərib. Rəsulzadə əsərin girişindəki beytdən bu nəticəni çıxarıb: ““Leyli və Məcnun”un türkcə deyil, farsi yazılmasında şahın israr etməsi Nizaminin türkcəyə çox əla vaqif olduğunu və hətta şairin özünə qalarsa, bu əsəri türkcə yazmaq niyyətində olduğunu göstərməkdədir. Yoxsa Şirvanşahın əsərin mühəqqəq farsi olaraq yazılmasında bu qədər israrına lüzum olmazdı... Çünki farsi şeir yazan Nizamiyə Şirvanşahın türkcə deyil, farsi yaz deməsinin heç bir mənası olmazdı”.

Rəsulzadə buradan o qənaətə də gəlir ki, o dövrdə Gəncədə türk dili ədəbi dil kimi hakim olub, Şirvanşah dövləti də bu hakimliyin qarşısını almaq məqsədilə Nizamidən türkcə deyil, farsca yazmağını istəyib.

Məhəmmədəli Rəsulzadənin qısa həcmli bu əsəri Məhəmmədəmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərinə açılan cığır olaraq qəbul edilə bilər.

Məhəmmədsadıq Aran və Nizami

Mühacirətdə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Məhəmmədsadıq Aranın çıxardığı “Türk Yolu” dərgisinin birinci sayında Nizami Gəncəvinin müdrik kəlamlarından nümunələr təqdim edilib, eyni zamanda onun türk milliyyətinə mənsub olduğu açıq şəkildə vurğulanıb. “800 il əvvəlki Azərbaycan fikir və ədəbiyyatından örnəklər” başlıqlı kiçik məqalənin girişində yazılıb: “Bu yazımızda dahi şairin özünün mənsub olduğu böyük türk milləti haqqındakı görüşlərindən bir örnək daha veririk”. Məqalədə “Sirlər xəzinəsi” əsərindən Sultan Səncərlə qarının söhbətindən sitat verilib.

“Türk Yolu” jurnalının üçüncü sayında da Nizami Gəncəvinin hikmətli kəlamlarından qeyd olunub.

“Türk Yolu” dərgisinin altıncı sayında isə Məhəmmədsadıq Aran ədəbi yazılarını qələmə aldığı “Sanan” imzası ilə “1000 il əvvəlki Azərbaycanda rus vəhşəti və 800 il əvvəlki Azərbaycan şairi Nizaminin ruslara qarşı düşmənliyi” başlıqlı məqalə dərc edib. Məqalə bu cümlələrlə başlayıb: “Bəzi qaynaqlara görə miladi 943-cü il tarixində rus quldurları Xəzər dənizindən keçərək Kür çayı yolu ilə qədim Azərbaycan Aran dövlətinin baş şəhəri Bərdəyə qəflətən hücum etmişlər, şəhəri yağmalamışlar, xalqın çoxunu məscidlərə dolduraraq məscidləri də yandırmışlar. Bu qanlı vəhşəti xatırlayan böyük şair Nizami qələmini kəskin bir süngü kimi istifadə edərək ruslardan intiqam almaq istəyir. Yazdığı “Xəmsə”nin “İskəndərnamə” qismində böyük İskəndəri Qafqaza aparır, orada ruslarla İskəndərin ordusu çarpışır. Nəticədə ruslar müdhiş məğlubiyyətə düçar olur. Şair qəlbində bəslədiyi dərin intiqam hissi ilə rusların doğrandığını belə təsvir edir: “... Çox rus qanı tökdülər... Onları tutdular, asdılar, öldürdülər. Rus ölkəsindən gələn mühariblərdən 10 min nəfər əsir edildi... O qədər rus başı kəsildi ki, onlar özlərini itirdilər... Kəskin qılınclar altında saysız-hesabsız rus can verdi... Qılıncdan qurtulanlar da geriyə baxmadan əliboş rus diyarına qaçdılar. Rus çarı da əsir edildi... Bu şanlı zəfər əsnasında rus əsiri olan Aran-Azərbaycan şahzadəsi Nüşabə də qurtuldu, azadlığına qovuşdu””.

M.Aranın məqaləsində Nizaminin əsərində ruslar məsələsinə toxunması vətəninin yenə ruslar tərəfindən işğalı ilə bağlı idi, necə ki yazısının sonunda buna toxunub: “Təəssüf ki, Nizaminin 800 il əvvəl azad və müstəqil gördüyü Azərbaycan ölkəsi və o diyarın əsil sahibləri olan türklər bu gün təkrar rus əsarətinə düşüblər. Fəqət biz inanırıq ki, çox yaxın bir gələcəkdə yurdumuz müstəvli ruslardan qurtulacaq və milli hürriyyətinə qovuşacaqdır. Nizami məzarında rahat yatsın!".

Məhəmmədsadıq Aran Türkiyədə çıxan aylıq ədəbiyyat və mədəniyyət jurnalı olan “Bahçe”nin ikinci sayında “Suç və cəza. 800 illik Azərbaycan şairi Nizaminin əsərindən parçalar” adlı məqalə qələmə alıb. Məqalədə Aran Nizaminin əsərindəki günah və ədalətə dair Bəhram Gurun vəziri ilə çobanın hekayətinə yer verib.

Aran 1953-cü ildə 28 May günü ilə bağlı çap etdiyi “Azərbaycan türklərinin milli bayramı ərməğanı” adlı broşurada da Nizaminin bəzi kəlamlarından qeyd edib.

Nağı Şeyxzamanlı və Əhməd Cəfəroğlu Nizami haqqında

Azərbaycan Cümhuriyyəti dövründə Əks-inqilabla Mübarizə Təşkilatının sədri olmuş Nağı bəy Şeyxzamanlı 1964-cü ildə İstanbulda çap etdirdiyi “Azərbaycan istiqlal mücadiləsinin xatirələri” adlı əsərində ulu babalarının Nizami ilə qohumluğundan bəhs edib: “Gəncənin bənzərsiz şairi Nizaminin bizim ailəmiz ilə qohum olub-olmadığı xüsusunda səhih bir məlumata sahib deyiləm. Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində əmim Şeyx İbrahim Qüdsi haqqındakı yazısının sonunda “Bəzi rəvayətlərə görə Şeyx İbrahim Qüdsinin Şeyx Nizami ilə qohumluğu var imiş” deyir. Bu rəvayətləri qüvətləndirmək üçün mənim mütaliəm: Şeyx Nizaminin bizim ailədən olduğuna dair dəlillərim bunlardır: 1 – Şeyx ünvanını daşıması. Şairlərə şeyx deyildiyinə dair bir üsul və iddia yoxdur. Olmuş olsa idi şair Firdovsiyə, şair Hafizə, Şiraziyə və qeyrilərinə də şeyx deyərdilər; 2 - Əgər Nizaminin divanında hər hansı bir ailəyə mənsubiyyəti qeyd olunmuş olsaydı, məsələ münaqişə edilməzdi; 3 -Ailəmizdən babam Şeyx Həsən, oğlu əmim Şeyx İbrahim Qüdsi, onun oğlu Hacı İsa ailəmizin digər qollarından Şeyx Əli Şövqi kimi şairlərin ədəbiyyatımızda yer tutmaları; 4 - Şeyx Nizaminin qəbri, türbəsi qədimdən bəri sahib olduğumuz mülkümüzdə olması eyni ailədən olmasını göstərməkdədir”.

Mühacir ədəbiyyatşünas alim professor Əhməd Cəfəroğlu “Azərbaycan dil və ədəbiyyatının dönüm nöqtələri” adlı konfrans materialından ibarət kitabçasında Nizamidən bəhs edib. Nizamini Atabəylər sarayının incisi adlandıran Cəfəroğlu onun yaradıcılığının bəzi xüsusiyyətlərindən və kimliyindən bəhs edib: “... Şəxsi həyatında köşədə qalmağı tərcih edən Nizami Azərbaycanın fikir həyatında, cahan tarixi hadisələri ilə millətlər həyatına qatılmaqla azəri ədəbiyyatına böyük bir yenilik gətirməyə müvəffəq olmuşdur... Məşhur “Atəşgədə” müəllifi Lütfəli bəy Azərin verdiyi məlumata görə, Nizaminin “Xəmsə”sindən başqa iyirmi min beytlik müxtəlif şeirləri qeyb olmuşdur. Bunların türkcə yazılmadığını bu gün isbat edəcək kimsə varmıdır?... Nizaminin digər bir xüsusiyyəti daha vardır. O da onun ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında qadın surətini yaratmasıdır... Bu surətlə əski İslam-Şərq ölkələrinin ilk qadın qurbanı olaraq da Leylini görürük”.

Azərbaycanlı mühacirlərin çap etdiyi “Mücahit” jurnalının 1960-cı ildə çap olunan 31-32 qoşasayında Fatma İlgaz imzasıyla bir səhifəlik “Nizami Gəncəvi” adlı məqalə də dərc olunub.

Məhəmmədəmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabı

Şübhəsiz ki, mühacirətdə Nizami Gəncəvi haqqında yazılan ən mühüm tədqiqat əsəri bu gün də bənzərsizliyini qoruyan “Azərbaycan şairi Nizami”dir. Azərbaycan Cümhuriyyətinin qurucusu, ictimai-siyasi xadim Məhəmmədəmin Rəsulzadənin bu məşhur əsərinin təhlili ilə bağlı kifayət qədər məqalə yazıldığı üçün biz əsərin yazılması ilə bağlı xatirələrdən bəhs edəcəyik. Çünki M.Rəsulzadənin son kitabı olan “Azərbaycan şairi Nizami” təkcə həcminə və keyfiyyətinə görə deyil, həm də yazılma dövrü baxımından maraq doğurmaqdadır. 1951-ci ildə Ankarada “Milli Eğitim Basımevi” tərəfindən çap olunan kitabda Rəsulzadənin 8 aprel 1948-ci il tarixli ön sözü də yer alıb. Qısa ön sözdə Rəsulzadə əsərini Nizaminin 800-cü ildönümü münasibətilə yazdığı və 1941-ci ildə tamamladığını qeyd edib. Lakin II Dünya müharibəsi başladığı üçün əsərin nəşri gecikib. Amma Rəsulzadənin özünün də yazdığı kimi bu gecikmə əsərin daha da təkmilləşməsinə xidmət edib, xeyli yeni qaynaq sonrakı illərdə əldə edilib.

Əsərinin ilkin variantını 1941-ci ildə tamamladığını yazdığı üçün Rəsulzadənin ən azından bu kitaba 2-3 il əvvəl başladığını hesab etmək olar. Çünki digər əsərləri kiçik həcmli və siyasi mövzuda olduğu üçün onların yazılma prosesi bir ay içində də mümkün olub. “Azərbaycan şairi Nizami” əsəri üzərində isə davamlı şəkildə çalışdığı onunla bağlı xatirələrdən də açıq görünür.

Tatar mühacirlərindən Əli Akış bəy Rəsulzadə ilə bağlı xatirələrinə bu cümlələrlə başlayıb: “Milli Azərbaycan dövlətinin rəhbəri Rəsulzadə həm siyasi, həm də ədəbi bir şəxsiyyət idi. Bir az məğrur və məsafəliydi. Nizami haqqında önəmli bir kitab yazmışdı”.

II Dünya müharibəsi ərəfəsində Rumıniyada yaşayan Rəsulzadə haqqında həmin dövrdə Türkiyə səfirliyində çalışan Kenan Kocatürk xatirələrində qeyd edib: “Ədəbiyyat onun ikinci məsləyi, sənəti idi. O günlərdə böyük azəri şairi Nizaminin həyatını yazırdı”.

İdil-Ural türklərinin liderlərindən Abdullah Battal Taymas Rəsulzadəyə göndərdiyi bir məktubunda belə yazıb: “Mühacirət dövründə müxtəlif azad məmləkətlərdə etdiyiniz nəşrlərə görə sizin uca əməl yolunda necə bir qeyrət, səbat ilə və əsla bezmədən çalışdığınızın canlı şahidiyik. Üstəlik xaricdə siyasi nəşrlərlə yetinmədiniz. Qürbətdə ağır yoxsulluq, məhrumiyyət və xəstəlik durumu içində gəncəli şair Nizami haqqında ciddi araşdırma və çalışma məhsulu olan, həcmi kimi elmi dəyəri də ağır olan bir əsər yazıb nəşr etdiniz”.

Rəsulzadə ilə birlikdə alman düşərgəsindən Fransa üzərindən Türkiyəyə gələn fəlsəfəçi Mustafa Nermi onun vəfatı ilə bağlı yazısında kitabın adını çəkməyi lazım bilib: ““Gəncəli Nizami” kimi, həqiqətən, ciddi bir əsər qoyan Məhəmmədəmin 40 gün öncə aramızdan ayrılmış, türk könülləri dərin hüznə bürümüş”.

Rəsulzadənin vəfatı münasibətilə “Cumhuriyet” qəzetində (27.03.1955) xatirə məqaləsi yazan Türkiyənin təhsil nazirlərindən Həsənəli Yücel bəy “Azərbaycan şairi Nizami” əsərinə daha çox toxunub. Yücel məqaləsində yazıb: “Nizamiyə dair 1951-ci ildə Milli Təhsil Nazirliyinin klassika seriyasında nərş olunan kitabını lütf edib mənə gətirdiyi zaman müzakirə etdiyimiz fikirlər həmişə o mühüm nöqtənin ətrafında dolaşmışdı. Bu kitab böyük şairin 800-cü (1141-1941) ildönümü münasibətilə yazılmışdı. Yazar şairin adının üstünə bu qeydi qoymuşdu: Azərbaycan şairi. Bu 400 səhifəlik əsərin ruhu Azərbaycandır. Fars və dünya ədəbiyyatının ən önəmli simalarından biri olan Nizaminin şəkildə iranlı, mahiyyətdə türk olduğunu isbat etmək üçün Rəsulzadə bütün diqqətini xərcləmişdir. Nizaminin ilk qadınının qıpçaq bir türk qızı olduğunu və tək oğlu Məhəmmədin ondan doğulduğunu, “Xosrov və Şirin” məsnəvisinin yazılması əsnasında sevgilisinin öldüyünü və məsnəvinin sonunda Xosrovun cənazəsi üstündə can verən Şirin üçün “O, mənim qıpçaq Afaqıma bənzəyərdi, bəlkə də onun özü idi” deyişini elə hərarətlə danışırdı ki, bütün bu həzin macəralar sanki Rəsulzadənin başından keçmişdir”.

Ardınca Həsənəli Yücel maraqlı bir nəticə çıxarıb: “Rəsulzadə Nizamidə türk ruhunu haqlı olaraq tapmışdı. Nizamidə nə Sədinin hər şeyə “eyvallah” deməyi tövsiyə edən dərvişanə hikməti, nə bir qrup sufi şairlərin dünyadan əlini-ətəyini çəkməkdə salamatlıq olduğunu söyləyən öyüdləri yer alıb. O da mütəsəvvif olmaqla bərabər həyata bağlı, həyatın gözəlliklərinə heyrandı”. Ardınca “Leyli və Məcnun”dan sitat gətirmiş Yücel etiraf edib: “Bu yaşa gəldim, tamamən bizdən olan Nizaminin bu tərəflərini bilmədim”.

Rəsulzadənin gənclik dostlarından iranlı siyasətçi Seyid Həsən Tağızadə onunla bağlı xatirəsində belə yazıb: “Rəsulzadə fars ədəbiyyatına yaxından bələd idi və bir müddət idi ki, haqlı olaraq öz yerlisi saydığı Nizami Gəncəvinin “Xəmsə”sini nəşr etməklə məşğul olurdu”.

Beləliklə, Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabı böyük şairin həm də Türkiyədə türk şairi kimi qəbul edilməsinə xidmət edib.

Rəsulzadə kitabı ilə yanaşı mətbuatda Nizami Gəncəvi ilə bağlı bir neçə məqalə də dərc etdirib. “Ulus” qəzetinin 23 mart 1949-cu il tarixli sayında M.E.Yalvaçoğlu imzası ilə “Azərbaycan şairi Nizami və dünyanın bugünkü durumu” adlı məqalə dərc etdirib və bu yazısında Nizaminin türklüyə olan sevgisinə yer verib. Rəsulzadə Azərbaycan Kültür Dərnəyinin orqanı olan “Azerbaycan” jurnalında “Nizamidə türklük” , “İxtiyar qadın ilə Sultan Səncər (Nizamidən)” kimi yazılar da qələmə alıb.

Nəticə

Azərbaycan mühacirət irsində Nizami Gəncəvi haqqında başqa yazıların da olması mümkündür. Xüsusilə Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı ədiblərin, dilçilərin yazılarında Nizami haqqında bilgilərə yer vermələri təbiidir. Təqdim etdiyimiz yazılardan aydın göründüyü kimi başda Məhəmmədəmin Rəsulzadə olmaqla Məhəmmədəli Rəsulzadə, Məhəmmədsadıq Aran kimi mühacir siyasi xadimlər Nizami Gəncəvini Azərbaycan ədəbiyyatının mühüm simasi kimi təqdim ediblər, milliyyətinin türk olduğunu isbat etməyə çalışıblar. Xüsusilə Məhəmmədəmin Rəsulzadənin əsəri Nizaminin Azərbaycan şairi olması ilə bağlı zəngin sübutlardan ibarətdir və bu əsər Sovet Azərbaycanı ədəbiyyat xadimlərinin (başda Abbas Zamanov olmaqla) də diqqətini çəkib, əsəri mülayimləşmə dövründə əldə etməyə çalışıblar.