BAKI, 19 noyabr. TELEQRAF

30 ildən artıqdır ki, 4 minə yaxın azərbaycanlının taleyinin naməlum qalması Ermənistanın müharibənin ağır humanitar nəticələrinə münasibətini ortaya qoyan ən ciddi məsələlərdəndir. İtkin düşmüş soydaşlarımızın aqibətinə aydınlıq gətirilməsi beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi, tarixi ədalətin təmin olunması məsələsidir. Ermənistanın bu günə qədər itkin azərbaycanlılarla bağlı dəqiq məlumatları təqdim etməməsi, ilk növbədə, keçmişdə törədilmiş müharibə cinayətlərinin üzə çıxarılmasından və hüquqi məsuliyyətdən yayınmasıdır. Kütləvi məzarlıqların, gizli dəfn yerlərinin və əsirlikdə həyatını itirmiş şəxslərin aqibətinin açıqlanması müharibə dövründə baş vermiş ağır cinayətlərin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, Ermənistanın 200-dən artıq dəfn yerinin, o cümlədən kütləvi məzarlıqların koordinatlarını təqdim etmək barədə verdiyi vədi indiyədək yerinə yetirməməsi törədilmiş müharibə cinayətlərinin izlərini ört-basdır etməyə, həqiqətləri gizlətməyə və hüquqi məsuliyyətdən yayınmağa yönəlmiş məqsədli siyasətin nümunəsidir:

"Ermənistanın keçmiş yüksəkvəzifəli hərbçilərinin dəfn yerləri barədə məlumatlı olduqlarını açıq şəkildə bildirmələrinə baxmayaraq, həmin məlumatların Azərbaycanla paylaşılmaması həqiqətlərin üzə çıxarılmasına maneədir.

Digər mühüm məqam Ermənistanın humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etməsidir. Noyabrın 19-20-də İrəvanda itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi fonunda minlərlə azərbaycanlı itkinin aqibətinin hələ də naməlum qalması Ermənistanın bəyanatları ilə real fəaliyyəti arasındakı ziddiyyəti nümayiş etdirir. Humanitar dialoqdan danışan dövlət, ilk növbədə, əlində olan məlumatları təqdim etməli, itkin ailələrinin onilliklərdir cavab gözlədiyi suallara aydınlıq gətirməlidir.

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar və paraflanmış sülh sazişi layihəsinin 9-cu maddəsində itkin düşmüş şəxslərlə bağlı əməkdaşlığın nəzərdə tutulması sözügedən məsələnin sülh gündəliyində mühüm yer tutduğunu göstərir. Sülh prosesinin irəliləməsi Ermənistanı keçmişin humanitar nəticələrinə görə məsuliyyətdən azad etmir. Əksinə, itkinlərin taleyinin müəyyənləşdirilməsi, dəfn yerlərinin açıqlanması və müvafiq məlumatların təqdim olunması qarşılıqlı etimadın formalaşması üçün zəruri addımlardır".

Deputat hesab edir ki, Ermənistanın davam etdirdiyi susqunluq beynəlxalq ictimaiyyət tərəfindən ciddi qiymətləndirilməli, itkin azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində konkret və nəticəyönümlü addımlar tələb olunmalıdır:

"Minlərlə ailənin 30 ildən artıq davam edən iztirabına qeyd-şərtsiz son qoyulmalıdır. Rəsmi İrəvan anlamalıdır ki, həqiqətlərin gizlədilməsi nə tarixi məsuliyyəti aradan qaldırır, nə də törədilmiş cinayətlərin unudulmasına səbəb olur. Azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi Ermənistanın yerinə yetirməli olduğu humanitar və hüquqi öhdəlikdir".