BAKI, 24 avqust. TELEQRAF

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəsini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngin olmuşdur. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, iki qardaş ölkə arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, regional əməkdaşlıq və geoiqtisadi inteqrasiya baxımından da mühüm əhəmiyyət daşıyır.

Bunu Teleqraf-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafını xüsusi vurğulayaraq hazırda yüksəliş dövrünü yaşadığını diqqətə çatdırıb:

“Dövlət başçısı bu inkişafı Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi ardıcıl islahatların və ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində atılan addımların nəticəsi kimi qiymətləndirmişdir.

Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təmələ əsaslandığını bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, bu əlaqələr həm mənəvi, həm də maddi əsaslar üzərində qurulub. Azərbaycan və Özbək xalqlarını birləşdirən ortaq tarixi köklər, türk dünyasının ümumi milli-mənəvi dəyərləri, qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin əsasını təşkil edir.

İki ölkə arasında iqtisadi əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biri olaraq sürətlə inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir milyardlıq ticarət dövriyyəsi artıq uzaq perspektiv kimi deyil, yaxın illərdə əldə olunacaq real nəticə kimi qiymətləndirilir.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.

İnvestisiya əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, investisiyalar, bir qayda olaraq, dost və qardaş ölkələrə, eləcə də əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır. Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiyaların artması iqtisadi əlaqələrin uzunmüddətli və dayanıqlı xarakterini nümayiş etdirir.

Prezident İlham Əliyevin bəyanatında mühüm yer tutan məsələlərdən biri də Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişaf perspektivləri olmuşdur. Dövlət başçısı Mərkəzi Asiya və Azərbaycanın böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region olduğunu bildirmişdir.

Bu yanaşma Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycanla Özbəkistan arasında nəqliyyat, logistika, enerji və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi bütövlükdə regionlararası əlaqələrin inkişafına mühüm töhfə verir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də qarşılıqlı dəstəyin konkret layihələrdə ifadə olunmasıdır:
“Özbəkistanın Qarabağın bərpası və yenidən qurulması prosesində iştirakı bunun bariz nümunəsidir.

Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycana göstərdiyi qardaşlıq dəstəyinin əməli ifadəsidir. Bu layihələr iki ölkə arasındakı münasibətlərin yalnız siyasi bəyanatlarla deyil, real əməllərlə möhkəmləndiyini göstərir.

Humanitar və mədəni əlaqələr də Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindəndir. Nizami Gəncəvi və Əlişir Nəvainin irsinin təbliği, Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Daşkənddə Azərbaycan parkının yaradılması və digər layihələr xalqlarımızın ortaq mədəni-mənəvi irsinin daha da geniş təbliğinə xidmət edir. Dövlət səfəri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm hadisə olmuşdur.

İclasda siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı, yeni layihələrin həyata keçirilməsi və qarşıya qoyulan məqsədlərin reallaşdırılması məsələləri müzakirə edilmişdir. Səfər çərçivəsində imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar iki ölkənin münasibətlərinin konkret fəaliyyət proqramları əsasında inkişaf etdiyini göstərir”.

Siyavuş Novruzov hesab edir ki, Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi də səfərin mühüm hadisələrindən biri olub:

“Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Öz növbəsində Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısını “Heydər Əliyev” ordeni ilə təltif etmişdir. Qarşılıqlı təltiflər iki dövlət rəhbərləri arasında mövcud yüksək siyasi etimadın, dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına verilən töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan-Özbəkistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələnin əsas xüsusiyyəti siyasi və mənəvi yaxınlığın konkret iqtisadi layihələr, investisiyalar, nəqliyyat təşəbbüsləri və humanitar proqramlarla tamamlanmasıdır.

İki ölkə arasında mövcud qarşılıqlı etimad, siyasi iradə və möhkəm mənəvi bağlar gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bir milyardlıq ticarət dövriyyəsi hədəfi, qarşılıqlı investisiyaların artırılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir.

Beləliklə, Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin keçdiyi inkişaf yoluna yüksək siyasi qiymət olmaqla yanaşı, gələcək əməkdaşlığın istiqamətlərini də müəyyənləşdirir. Bu gün Azərbaycan və Özbəkistan tarixi və mənəvi yaxınlıqla yanaşı, qarşılıqlı etimad, konkret iqtisadi maraqlar və strateji məqsədlər əsasında regional əməkdaşlığın mühüm dayaqlarından birinə çevrilmişdir”.