BAKI, 2 iyul. TELEQRAF
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, Rusiya növbəti dəfəTRIPP layihəsinə (Zəngəzur dəhlizi) qarşı çıxdığını, ərazidə onun əsgərlərinin dayandığını, bunun həmçinin Çin və İranın da maraqlarına zidd olduğunu bəyan edib. Kremlin artan narazılığı və narahatlığı fonunda layihəyə qarşı hansı təsiredici addımlar atıla bilər?
- Əslində, Rusiya onu deməyə çalışır ki, mənsiz bu bölgədə hansısa layihələr həyata keçirilməməlidir. Kreml zəifləyib bölgədəki təsir imkanlarını itirsə də öz iddialarından əl çəkmək istəmir. Keçmiş Qarabağ münaqişəsi, ermənilərin işğalçı siyasəti əslində Rusiyanın “sənət əsəri” idi. Çünki Rusiya məhz bu yolla bütün bölgəni nəzarətdə saxlayırdı. İndi isə Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq yaratdı. Bu yeni reallıqda isə Rusiya özünə yer tapmağa çalışır. Bu kontekstdə TRIPP layihəsi kimi iri proyektlərdə, yəni Qərbin, ABŞ-nin daha çox ciddi marağı olduğunu görən Rusiya mümkün qədər bu prosesə qarşı çıxmağa çalışır. Kreml həmçinin başqa sahələrdə də bu məsələ ilə bağlı alver predmetləri yaratmaq niyyətindədir.

- Kreml bununla nəyə nail olmaq istəyir?
- Moskva Qərblə aparılan danışıqlarda bu kimi layihələrdə güzəştə getməklə başqa sahələrdə də özü üçün dividentlər əldə etmək istəyir. Əslində indiki halda məsələnin görünən tərəfi məhz bundan ibarətdir.
- İndiki halda Rusiyanın buna nail olmaq imkanları varmı?

- Moskva müharibə fonunda elə bir çətin duruma düşüb ki, bu layihələrin həyata keçirilməsinə maneə ola biləcək rıçaqlarını itirib. Bu məsələdə onun əlində qalan rıçaqları belə çox zəifdir.
- Söhbət Ermənistan ərazisində keçən dəhlizdən gedirsə, Rusiyanın bu ölkəyə təsir imkanları qalıb?
- İndiki halda belə Rusiyanın Ermənistana qarşı çox ciddi təsir imkanları var. Ermənistanın dəmir yolları, elektrik, qaz şəbəkəsi, atom elektrik stansiyasının Rusiyaya məxsusluğu, rus əsgərinin, hərbi bazasının hələ də bu ölkədə olması İrəvan üzərində müəyyən dərəcədə təsir imkanlarının olmasına imkan yarada bilər. Rusiya bu yollarla Ermənistana da təsir etməyə çalışacaq.
_(4)_(1)_(2)_(1).jpg)
- Bu təsirlər hansı formada özünü göstərə bilər?
- Rusiya Ukrayna cəhbəsində və Qərblə aparılan danışıqlarda dəyişiklik predmeti yaratmağa çalışacaq. Onun əsas hədəfi də məhz budur.
Əgər, Avropa Birliyi və ABŞ TRIPP layihəsinin arxasında durubsa, Rusiyanın burada yeganə təsir imkanı hərbi müdaxilə ola bilər. O yeganə hərbi yolla Ukraynada etdiyini Ermənistanda da təkararlamaq istəyəcək, buna da indiki halda Rusiyanın hərbi gücü və digər imkanları yoxdur. Əslində Kremlin Ermənistanla bağlı gündəliyində belə bir məsələ yer almır.

- ABŞ Prezidenti Donald Trampın hakimiyyət müddətinin başa çatması fonunda TRIPP layihəsinin arxa plana keçəcəyi ilə bağlı da iddialar səslənir. Bu nə dərəcədə məntiqlidir?
- Bu kimi yanaşmaların ortaya atılması ABŞ-ni tanımamaqdan qaynaqlanır. Bununla bağlı Rusiya mediasında daha çox yazılar dərc edilir. Hətta Avropa mətbuatında da bununla bağlı materiallara rast gəlmək mümkündür. Çünki onların da Trampdan xoşu gəlmir. Avropada bəzi hallarda sorğu keçirilsə, Tramp Rusiya Prezidenti Vladimir Putindən daha çətin adam kimi qələmə verilə bilər. Sadəcə olaraq bu kimi rəyləri gündəmə gətirənlər anlamalıdır ki, ABŞ-nin strateji hədəfləri dəyişmir. Ağ Evin taktiki addımları dəyişə bilər və bu normaldır. Ona görə də, bu yolun, yəni Zəngəzur dəhlizinin (TRIPP layihəsinin) Trampın adına olması heç nəyi dəyişmir. Amerikada Respublikaçı prezidentlərin adına olan gəmilərin, aviadaşıyıcıların açılışında Demokratlardan olan prezidentlər iştirak edib. Bu mənada ABŞ 42 km-lik Zəngəzur dəhlizi boyu bölgənin logistik yollarına nəzarət mexanizmi əldə edir. Bu, heç də Trampın istəyi deyil. Amerikada hakimiyyətdə kimin olmasından asılı olmayaraq əllərində olan bu rıçaqları heç kəsə güzəştə getmək istəməyəcək.

- Görünür, bu, ABŞ-nin yeni doktrinası ilə bağlı olan bir məsələdir...
- Əslində bu həqiqəti ifadə edən bir yanaşmadır ki, Trampdan sonra hətta Demokratlar hakimiyyətə gəlsələr belə bu, belə olacaq.
- ABŞ-nin yeni doktrinası nəyə hədəflənib?
- Bu, daha çox böyük hərbi xərclər əvəzinə logistik yollar vasitəsi ilə dünya iqtisadiyyatına nəzarət mexanizmi yaradılmasını özündə ehtiva edir. Bu boğazlarda, Amerika qitəsində, Panama kanalında, Hörmüz boğazı ətrafında baş verən hadisələrdə özünü daha çox göstərdi. Hazırda Malaziyada iki boğaz ətrafında danışıqlar gedir. Bunun nəticəsi olaraq Himalay körfəzi ətrafı ilə bağlı müəyyən anlaşmalar imzalanacaq. Bütün bunların ABŞ-nin dəyişən doktrinası ilə bağlıdır və Trampla əlaqəli deyil. ABŞ Prezidenti daha çox bir qədər ekstravaqant, siyasətçilərdən fərqli olaraq nə düşündüyünü dilə gətirən, zaman-zaman da buna görə peşiman olan bir siyasətçidir. Amma bunun fonunda ABŞ-nin hədəfləri eynidir.

- Rusiya tərəfi Zəngəzurdan keçəcək dəhlizə qarşı Çin və İranın da mümkün qədər müqavimət göstərməli olduğu amilini önə çəkməyə çalışır. Pekin və Tehran hansı halda bu layihənin icrasına qarşı çıxa bilər?
- Bu heç bir halda mümkün deyil. Rusiya anlamır ki, İran və Çin özünün təbii maraqlarını Rusiyanın mənafeyindən qat-qat üstün tuturlar. Öz maraqları çərçivəsində Çinlə ABŞ analaşacaqsa, Rusiya buna heç bir halda mane ola bilməyəcək. Eyni zamanda İran da indiki halda öz maraqları çərçivəsində davranmağa çalışır. Bu maraqlar çərçivəsində isə Rusiyanın mövqeyi 15-ci yerdədir.