BAKI, 1 iyul. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, ABŞ-İran razılaşması ilə bağlı konkret yanaşmalar nədən ibarətdir? Tərəflər ayrı-ayrılıqda özünü qalib elan edir və bunun fonunda qarşılıqlı ittihamlar da səslənir. Bu mənada Vaşinqton-Tehran razılaşmasının perspektivini necə şərh etmək olar?

- Prosesin hazırkı şəkildə davam edəcəyi gözlənilir. Çünki bu, uzunmüddətli bir prosesdir. Burada İranın indiki halda özünü qalib elan etməsi ilə bağlı səslənən fikirlər absurddur. Bu ölkənin siyasi elitası demək olar ki, məhv edilib. Ona görə də ABŞ-nin irəli sürdüyü şərtlərin əksəriyyəti İran tərəfindən demək olar ki, qəbul edilib. İran tərəfi siyasi şərtlərlə de-fakto, de-yure razılaşmalı olub. ABŞ və İsrailin şərtləri İrana tam şəkildə diktə edilib.

- Amma bunun əksi də iddia edilir. Sizcə, indiki məqamda ortada olan ziddiyyətlər nədən ibarətdir?

- İran tərəfi nüvə proqramından tamamilə uzaqlaşıb. Tehran üçün bu ya tamamilə sona çatıb, ya da ki, uzun illərlə təxirə salınacaq. Həmin proqram demək olar ki, bütövlükdə ABŞ və İsrailin nəzarəti altında saxlanılacaq. Həmçinin İran ballistik raketlərin istehsalı ilə bağlı da öhdəlik götürüb.

- İran tərəfindən ABŞ-nin irəli sürdüyü və diktə etdiyi şərtlərə qarşı çıxmaq imkanları qalıbmı?

- Müqavimət hərəkatı və bunun üçün yaradılmış kənar qüvvələr demək olar ki, sıradan çıxarılıb. Sadəcə olaraq İranın hazırkı siyasi elitasının bu reallığı qəbul etməsi amili mövcuddur.

- ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatlarda əsas məqsədinə çatdığını söyləmək olarmı?

- Onlar heç də İran ərazisini işğal etmək istəyində deyildilər. Sadəcə olaraq onların bəyan edilən məqsədləri var idi. Bunların isə hansı vəziyyətdə olduğu göz önündədir.

- Digər məsələ Rusiya-Ukrayna cəhbəsində baş verən amillərlə bağlıdır. Artıq müharibə Rusiya ərazisinə keçib. Belə olan halda hər iki tərəfin uzunmüddətli müharibəni davam etdirmək ehtimalını necə dəyərləndirmək olar?

- Moskva və Kiyevin indiki halda geri çəkilmək ehtimalı çox azdır. Amma hansısa açıq və ya məxfi razılaşmanın da əldə olunacağı istisna edilmir. Tərəflər arasındakı 30-40 km-lik təmas xətti yaradılıb. Hazırda qarşılıqlı olaraq PUA-larla döyüş əməliyyatları aparılır. Hətta canlı qüvvə də bu zərbələrin hədəfinə çevrilir. Ona görə də təmas xəttinin bu səviyyədə qalması reallığa çevrilir. Burada isə ən maraqlı məqamlar tərəflərin bir-birinin arxa cəbhəsinə zərbələr endirməsi məsələsidir.

- Uzun müddət tərəflərin bir-birinin arxa cəbhəsinə zərbələr endirməsi müharibənin gedişinə necə təsir edə bilər?

- Ola bilsin ki, tərəflər arasında bununla bağlı hansısa bir razılıq əldə edilsin. Məhz bu razılaşma ilə Rusiya və Ukrayna bir-birinin arxa cəbhəsinə bu cür zərbələr endirməkdən imtina edə bilər. Beləliklə, qismən elan edilməmiş atəşkəs rejimi uzunmüddətli şəkildə davam oluna bilər.