BAKI, 30 iyun. TELEQRAF

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" ortaq tariximizin, dilimizin, milli-mənəvi dəyərlərimizin və türk xalqları arasında həmrəyliyin təntənəsidir. Mötəbər tədbirin Möhtərəm Cənab Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı əsasında təşkil olunması dövlətimizin türk dünyasının birliyinə və ortaq irsinin qorunmasına verdiyi yüksək dəyərin bariz ifadəsidir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, dilçilik və mədəni inteqrasiyası baxımından tarixi əhəmiyyətə malik hadisə idi. Məhz Azərbaycan bu möhtəşəm elmi platformaya ev sahibliyi etməklə türk dünyasının intellektual mərkəzlərindən biri olduğunu nümayiş etdirmişdi. Bir əsr sonra həmin ənənənin dövlət səviyyəsində davam etdirilməsi Azərbaycanın türk dünyasının birləşdirici gücü kimi artan rolunu bir daha təsdiqləyir.

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır." Bu fikir artıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir və türk dövlətləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

Ölkə başçımız Cənab İlham Əliyev hər zaman bildirir ki, türk dövlətlərinin birliyi regionda sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm təminatıdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələr, Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, ortaq nəqliyyat dəhlizlərinin inkişafı və mədəni-humanitar əlaqələrin genişlənməsi sözügedən strateji baxışın nəticəsidir".

Günay Ağamalı hesab edir ki, Türk Dünyası Həftəsi çərçivəsində keçirilən tədbirlər ortaq tarixi yaddaşımızın yaşadılmasına, türk dillərinin, ədəbiyyatının, mədəniyyətinin və elmi irsinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir:

"Təşəbbüs eyni zamanda gənc nəslin türk kimliyi, ortaq köklər və ümumi dəyərlər ətrafında formalaşmasına xidmət edən mühüm platformadır. Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər türk xalqları arasında elmi və mədəni əməkdaşlığı daha da gücləndirəcək, Azərbaycanın Türk dünyasının mənəvi və intellektual mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcəkdir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Türk dünyasının həmrəyliyi gündən-günə güclənir və sözügedən birlik gələcəyin daha qüdrətli və möhkəm olmasına zəmin yaradır".