BAKI, 29 iyun. TELEQRAF

Bu ilin əvvəlindən indiyədək Türkiyənin hüquq-mühafizə orqanlarına terror təşkilatlarının 134 üzvü təslim olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, silahı yerə qoyan yaraqlılardan üçü axtarışa verilən xüsusilə təhlükəli cinayətkarlar siyahısında olub.

Bu arada Türkiyə mediası PKK terrorçuları ilə əlbir olan şəxslərin yararlana biləcəkləri qanun layihəsinin tezliklə parlamentə təqdim ediləcəyini yazıb.

Türkiyə parlamentinin yay tətili öncəsi qəbul edəcəyi gözlənilən normativ akta əsasən, terror aktlarında iştirak etməyən PKK üzvləri cəzadan xilas olaraq normal həyata qayıda biləcəklər. Terror aktlarında iştirak edən yaraqlılar isə Cinayət Məcəlləsinin “Terrorçuluğa görə” maddəsi tətbiq edilmədən məsuliyyətə cəlb olunacaqlar. Beləliklə, onların cəza müddəti daha qısa olacaq.

Bildirildiyin görə, əvvəllər PKK-ya aidiyyəti olan məhbusların işlərinə də yenidən baxılacaq. İmralı adasında ömürlük həbs cəzası çəkən PKK terrorçularının lideri Abdullah Öcalan isə təşkilatın digər liderləri kimi bu qanundan istifadə edə bilməyəcək.