BAKI, 25 iyun. TELEQRAF
"Türkman qardaşlarımız yaşadıqları torpaqlarda öz varlıqlarını, dillərini, mədəniyyətilərini və kimliklərini qorumaq üçün uzun illər mübarizə aparıblar".
Teleqraf xəbər verir ki, bu sözləri millət vəkili Tənzilə Rüstəmxanlı Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxışı zamanı deyib.
"Onlar çox zülmlərlə üzləşsələr də, heç vaxt öz milli kimliklərindən və ideallarından vaz keçməyiblər. Türkmanların yaşadıqları bölgələrdə güclü olması Azərbaycanın, Türkiyənin və bütövlükdə türk dünyasının güclü olması deməkdir. Çünki biz eyni kökdən gələn ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib bir millətik.
Türkman qardaşlarımız Qarabağ məsələsində də hər zaman Azərbaycanın yanında olublar, Qarabağın azad olunmasına seviniblər.
Bu gün Azərbaycan dövləti türkmanlarla bağlı məsələlərə böyük həssaslıqla yanaşır. Eyni zamanda qeyri-hökumət təşkilatları, Türkiyənin qeyri-hökumət qurumları və digər türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi vacibdir. Gələcəyə yönəlik ortaq layihələr hazırlanmalıdır", - deyə T.Rüstəmxanlı əlavə edib.