BAKI, 25 iyun. TELEQRAF
“Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətləri ölkəmizin xarici siyasətində xüsusi yer tutur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri məhz İƏT olub. Ötən dövr ərzində bu əməkdaşlıq siyasi həmrəylik, beynəlxalq hüququn müdafiəsi, humanitar əməkdaşlıq, mədəni irsin qorunması və islam dünyasında qarşılıqlı etimadın möhkəmləndirilməsi kimi istiqamətlərdə ardıcıl şəkildə inkişaf edib”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan üçün İƏT yalnız çoxtərəfli əməkdaşlıq platforması deyil: "Təşkilat uzun illər ərzində ölkəmizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe nümayiş etdirərək Ermənistanın işğal siyasətini ardıcıl şəkildə pisləyib, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəkləyib. Məhz buna görə İƏT ilə münasibətlər Azərbaycanın xarici siyasətinin ən uğurlu və səmərəli istiqamətlərindən biri hesab olunur. İƏT-in qəbul etdiyi çoxsaylı qətnamə və qərarlar Ermənistan-Azərbaycan münaqişəsinə dair beynəlxalq hüquqi-siyasi mövqenin formalaşmasında mühüm rol oynayıb. Təşkilatın sənədlərində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub, Ermənistanın işğalçı siyasəti pislənilib. Xüsusilə, Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş qərarlar faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm siyasi və mənəvi dəstək olub".
Millət vəkilinin sözlərinə görə, İƏT həmçinin, Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində islam mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarının beynəlxalq gündəmə çıxarılmasında mühüm rol oynayıb: "İşğaldan azad edilmiş ərazilərdə aparılmış monitorinqlər məscidlərin, tarixi və dini abidələrin sistemli şəkildə dağıdıldığını, dini-mədəni irsə qarşı məqsədyönlü vandalizm siyasətinin həyata keçirildiyini ortaya qoyub. Təşkilatın müxtəlif qətnamələrində bu faktlar öz əksini tapıb və qətiyyətlə pislənib.
Bu gün Azərbaycan İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi, islamofobiya ilə mübarizə və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəal rol oynayan dövlətlərdən biridir. Bakı Prosesi, Dünya Mədəniyyətlərarası Dialoq Forumları, eləcə də beynəlxalq humanitar təşəbbüslər Azərbaycanın yalnız islam dünyasında deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib".
Sevinc Fətəliyeva əlavə edib ki, Azərbaycanın İƏT-ə sədrliyə hazırlaşması ölkəmizin təşkilat daxilində artan nüfuzunun və etimadının göstəricisidir. "Qarşıdakı dövrdə Azərbaycanın əsas prioritetləri islam həmrəyliyinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, islamofobiya ilə mübarizə, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinin beynəlxalq səviyyədə təşviqi olacaq.
Müasir dünyada geosiyasi qeyri-müəyyənliyin artdığı, münaqişələrin və humanitar böhranların dərinləşdiyi bir şəraitdə İƏT-in beynəlxalq münasibətlər sistemində rolu daha da artır. Azərbaycan isə həm təşkilatın fəal üzvü, həm də gələcək sədri kimi İslam dünyasında həmrəyliyin, qarşılıqlı hörmətin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə davam edəcək”.