Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Portuqaliyanın xarici işlər naziri Paulo Rangel ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər siyasi təmasların və qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bu çərçivədə iqtisadiyyat, ticarət, investisiya, yaşıl enerji və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Nazirlər qarşılıqlı şəkildə diplomatik təmsilçiliyin səfirlik səviyyəsinə yüksəldilməsi ilə bağlı qərarları məmnunluqla qeyd ediblər.
Görüşdə həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərinə toxunulub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin və seçkili orqanlara namizədliklərə dəstəyin əhəmiyyəti vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, eləcə də Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.