BAKI, 7 sentyabr. TELEQRAF

Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq iqlim şəffaflığı və bütövlükdə bu tədbirləri müzakirə etməyə imkan verir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

O bildirib ki, paralel şəkildə bu cür tədbirlərin keçirilməsi təsadüfi deyil.

Onun sözlərinə görə, Azərbaycan üçün iqlim gündəmi çox önəmli siyasi əhəmiyyət daşıyır:

"Quraqlıqlar, yanğınlar, su stresi, səhiyyə və infrastruktura təsir edən iqlim dəyişikliyidir. Biz bunu hiss edirik, bunu duyuruq. Bir fəlakət bir neçə saat içində evləri, infrastrukturu dağıda bilər. Bu yaxınlarda Çində və digər ölkələrdə baş verən hadisələrin iqtisadi təsiri əyanidir. Bunlar kəskin problemlərdir".

M. Babayev vurğulayıb ki, Xəzər dənizində suyun azalması getdikcə problemli məsələyə çevrilir:

"Xəzər dənizi ölkələri arasında əməkdaşlığı gücləndirilmək lazımdır".