BAKI, 5 aprel. TELEQRAF
2026-cı il 2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentinin ikinci görüşün keçirilməsi növbəti tarixi hadisə idi. Bu görüşün yekunu olaraq birgə bəyanat qəbul edilib və burada bir çox məsələlər öz əksini tapıb. Sözsüz ki, bu görüş Türk dünyası arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi, regional və qlobal çağırışlara qarşı koordinasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Bakıda geniştərkibli nümayəndə heyətinin iştirakı ilə keçirilmiş bu görüş təşkilat daxilində yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilir:
“Görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğızıstan Respublikasının Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərgulu Ataguliyev, eləcə də TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev iştirak etmişlər.
Əldə edilən birgə bəyanatda da 2025-ci il 18 sentyabr tarixində Bişkek şəhərində keçirilmiş birinci görüşün uğurla təşkil olunduğunu məmnunluqla qeyd eedilib. Həmin görüşün TDT çərçivəsində institusional əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulanıb. Eyni zamanda Azərbaycanın təşkilat daxilində sədrliyinə dəstək ifadə olunub, onun birlik, həmrəylik və praktiki əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib.
Sözsüz ki, birgə bəyanatda Naxçıvan Sazişi və təşkilatın digər fundamental sənədlərinə sadiqlik bir daha təsdiqlənib, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin yalnız regional deyil, həm də beynəlxalq səviyyədə sülh, sabitlik və davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığı qeyd edilib. Xüsusilə dəyişən geosiyasi reallıqlar və artan təhlükəsizlik çağırışları fonunda koordinasiyalı fəaliyyətin əhəmiyyəti ön plana çəkilib”.
Deputat bildirib ki, həmçinin 2025-ci il 7 oktyabr tarixində Qəbələdə keçirilmiş TDT-nin 12-ci Zirvə görüşünün nəticələrini yüksək qiymətləndirilib:
“Həmin tədbirdə qəbul olunmuş qərarların icrasının vacibliyini vurğulanıb. Bununla yanaşı, 2026-cı il 7 mart tarixində İstanbul şəhərində təşkil olunmuş Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələri də müsbət dəyərləndirilib, bu formatın regional və qlobal məsələlərin müzakirəsi üçün effektiv platforma olduğu qeyd edilib.
Burada digər məsələlərlə yanaşı iqtisadi əməkdaşlığa xüsusi yer verilib. TDT daxilində üzv və müşahidəçi dövlətlər arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlar arasında əlaqələrin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub. Türk Dünyası Baxış-2040 sənədinə uyğun olaraq ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması və qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin davam etdirilməsi olduqca önəmlidir.
Bununla yanaşı sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın təmin olunması və dayanıqlı inkişaf modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Üzv ölkələr arasında standartlaşdırma, rəqəmsallaşma və yaşıl texnologiyaların tətbiqi sahəsində birgə fəaliyyətin gücləndirilməsi artıq zəruri hesab edilir.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması və davamlı iqtisadi artım baxımından vacib istiqamət kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi məsələləri, enerji mənbələrinin şaxələndirilməsi, marşrutların təhlükəsizliyinin təmin olunması və mövcud infrastrukturun genişləndirilməsi istiqamətində əməkdaşlığın vacibliyi də diqqət mərkəzindədir. Burada ən başlıcası isə yaşıl enerji layihələrinin inkişafı və ötürülməsi də mühüm yer tutur. Məhz bu kontekstdə Yaşıl Enerji Dəhlizinin genişləndirilməsi amili də qarşıdakı vəzifələrdən hesab olunur”.
Eldar Quliyev TDT çərçivəsində bütün sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qaldırılması fonunda vahid bir hərbi güc mərkəzinin formalaşmasının da artıq zərurətə çevrildiyini vurğulayıb:
“Artıq türk dövlətləri özünün vahid ordusunu yaratmalı və bu istiqamətdə addımların atılması labüddür. Eyni zamanda nəqliyyat və logistika sahəsində əməkdaşlıq çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı burada xüsusi yer tutur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öz növbəsində qardaş Türkiyə ilə birlikdə türk dünyasının birliyinə, gücünə onun vahid bir mərkəz kimi formalaşmasına çalışır. Bu istiqamətdə atılan addımlar türk birliyinin artıq bir güc faktoru kimi önə çıxmasını da zəruri edir”.