BAKI, 16 fevral. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, son zamanlar Ermənistan tərəfinin sülh sazişi, konstitusiya dəyişikliyi ilə bağlı açıqlamları bir qədər fərqli istiqamətlərə yönəlir. Bu nə ilə bağlıdır və rəsmi İrəvan bununla nəyə nail olmaq istəyir?
- İndiki hala Ermənistanın Baş naziri Nikol Paşinyanın irəli sürdüyü “sülh qovşağı” iddiasının konstitusiya dəyişikliklərinə heç bir aidiyyəti yoxdur. Artıq Azərbaycanla Ermənistan arasında mümkün ticarət əlaqələrinin formalaşması üçün addımlar atılır. Taxıl, yanacaq və digər məhsular Ermənistana çatdırılır. Bu, o deməkdir ki, tranzit yolları açılır. Bunun adını nə qoymağın isə heç bir mənası yoxdur. Çünki bunu istər Zəngəzur dəhlizi və ya Tramp marşrutu, heç bir fərq etməz. Ermənistanın ora “sülh qovşağı” deməsi nə deməkdir? Bunun isə digər məsələlərə aidiyyəti qalmır.
- Məsələni konstitusiya dəyişiklikləri ilə əlaqələndirməkdə məqsəd nədir?
- Bunu anlamaq olmur. Konstitusiya dəyişiklikləri ilə bağlı Ermənistandan belə mesajlar gəlirsə, bu başa düşülən deyil. Fakt odur ki, bu ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Eyni zamanda konstitusiya dəyişikliklərinin də anonsu verilib. Ona görə də bu məsələni 5-6 ay sonra həll etmək olar. Əslində bu məsələni gecikdirməyin heç bir mənası da qalmayıb. İki il əvvəl olsa idi, bunu haradasa başa düşmək olardı ki, onlar sülh sazişini daha tez imzalamaq istəyirlər və s. Amma o zaman da Azərbaycanın mövqeyi bəlli idi ki, Ermənistan konstitusiyasında ərazi iddialarını ehtiva edən bənd çıxarılmalıdır. Bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bir daha bəyan etdi. Azərbaycanın mövqeyi odur ki, sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişikliklər olunmalıdır. Bu dəyişikliklərin baş verməsinin ertəsi günü sülh sazişinin imzalanacağı bir daha vurğulandı.

- Ermənistan konstitusiyasında dəyişikliklər üçün indiki halda hansı əngəllər var?
- Əslində, Paşinyan üçün konstitusiya dəyişiklikləri ilə bağlı heç bir maneə yoxdur. Parlament seçkilərində o qələbə qazandıqdan sonra konstitusiya dəyişiklikləri ilə bağlı referenduma getməklə məsələ bitir.
- Prosesin uzanması Ermənistan üçün nə vəd edir?
- Məsələnin uzanmasının Paşinyana, Ermənistana xeyri yoxdur.
- Bəzi müşahidələr onun göstərir ki, kimlərsə, prosesin uzanması fonunda Ermənistanın əlinin güclənəcəyini proqnozlaşdırır. Bu nə dərəcədə məntiqlidir?
- ABŞ-nin Ermənistanı gücləndirəcəyi iddiası absurddur. Bu ölkədə atom elektrik stansiyasının reallaşması üçün ABŞ-nin Ermənistana yatıracağı 9 milyard dollarlıq layihənin özü də sual altındadır. Bunun fonunda Ermənistandakı Metsamor atom elektrik stansiyasının mövcudluğuna paralel olaraq Rusiya ilə qarşıdurma olacağı da mümkündür. Orada modul tipli atom elektrik stansiyalarının tikintisi nəzərdə tutulub ki, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Əslində bu stansiyalar tikilsə və Ermənistan Azərbaycanın elektrik şəbəkəsinə də qoşulsa, Qara dənizin dibi ilə Avropaya elektrik nəql məsələsi Cənubi Qafqaz üçün haradasa faydalı ola bilər.
Bununla yanaşı, Ermənistana 6 milyonluq kəşfiyyat dronlarının verilməsi bu ölkənin gücləndirilməsi anlamına gəlmir. Azərbaycan özü dronlar istehsal etməklə yanaşı, Türkiyə və İsraildən də ixrac edir. Həmçinin Ermənistana verilən bu dronlar kəşfiyyat xarakterlidir. Eyni zamanda bu İran və Rusiya üçün narahatlıq yaradıb. Ona görə də bunu Amerikanın Ermənistanı gücləndirməsi kimi izah etmək olmaz.

- Bəs Ağ Evin bu məsələdə məqsədi nədir?
- ABŞ-nin əsas istəyi odur ki, Cənubi Qafqaz ölkələrinə Rusiyanın təsir imkanları azalsın. Sözsüz ki, bu region ölkələrinin də maraqlarına cavab verir. Hərbi gücə qaldıqda isə hamı bilir ki, Azərbaycan bu məsələdə Ermənistanı dəfələrlə üstələyir. Bu mənada bu balansı dəyişmək mümkün deyil.
- Bunun fonunda ABŞ-nin vitse-prezidentinin bölgəyə səfəri, Amerikanın regionda güclənməık üçün atdığı addımlara Cənubi Qafqazda öz maraqlarını qorumağa çalışan tərəflərin reaksiyası necədir?
- ABŞ-nin bu regionda möhkəmlənməsi region ölkələrinin özlərinin də maraqlarına cavab verir. Bu olmasa idi, Azərbaycan Tramp yoluna razılıq verməzdi, sülh sazişi Vaşinqtonda paraflanmazdı və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri təşkil olunmazdı. Bunlar bölgə ölkələrinin də maraqlarına cavab verir ki, Azərbaycan-Türkiyə ilə ittifaqla yanaşı, Avropa İttifaqı və ABŞ ilə də strateji əlaqələr qurur. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması da bunu təsdiq edir. Çünki bu Azərbaycanın da maraqlarına cavab verir. Beləliklə, Rusiya və İranın bölgəyə təsir gücü azalır. Bu mənada ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfərinə Rusiya və İrandan bu cür reaksiyaların olacağı gözlənilən idi. Onlar Amerikanın gəlib burunlarının dibində möhkəmlənməsini tərifləməyəcəklər ki?! Amma buna qarşı da heç nə edə bilməyəcəklər. Qatar artıq gedib. İranın özü indi ağır vəziyyətdədir. Rusiya isə Ukrayna tələsindən çıxa bilmir. Belə vəziyyətdə bu iki ölkənin Cənubi Qafqazda geosiyasi durumu dəyişəcək potensialı yoxdur. Bu mümkün də deyil. İndi Cənubi Qafqazda durum dəyişib. Azərbaycanla Türkiyə arasında müttəfiqlik mövcuddur. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Türkiyə-Ermənistan sərhəddi də açılacaq. Bununla da diplomatik əlaqələr bərpa olunacaq. Ermənistanın Azərbaycan və Türkiyədən iqtisadi asılılığı da artacaq. Ona görə də bu prosesi Rusiya və İranın pozmaq imkanları yoxdur. Əksinə, Rusiya və İran formalaşacaq nəqliyyat şəbəkəsindən də istifadə edə bilər.