Kəlbəcər onilliklər boyu bizim üçün əlçatmaz bir həsrət, dumanlı dağların arxasında qalan yaralı bir yaddaş idi. 1993-cü ilin aprelində baş verən işğal həm strateji yüksəkliklərin və zəngin təbii ehtiyatların itirilməsi, həm də minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələnən böyük bir faciə idi. O zamanlar Kəlbəcər yalın ayaqla qarlı aşırımları keçən insanların faciəsi, yandırılan evlər və talan edilən sərvətlər demək idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu cənnət məkan 27 il boyunca sükuta qərq olmuş, infrastruktur tamamilə məhv edilmiş, şəhər və kəndlər xarabalığa çevrilmişdi.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatla Kəlbəcər bir güllə belə atılmadan, siyasi-diplomatik qələbə nəticəsində Azərbaycana qaytarıldı:
"Bu, tariximizin ən parlaq dönüş nöqtələrindən biri oldu. Dünən düşmən tapdağı altında inildəyən o torpaqlar, bu gün artıq böyük bir quruculuq meydanına çevrilib. İndi Kəlbəcərdə tank səslərini nəhəng texnikaların, yolçəkən maşınların və tikinti kranlarının səsi əvəz edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərə hər səfəri bu torpaqların dirçəlişinə yeni bir nəfəs verir. Prezidentin iştirakı ilə təməli qoyulan və istifadəyə verilən layihələr Kəlbəcərin simasını kökündən dəyişir. Dünən keçilməz olan, qış aylarında dünyadan təcrid olunan o sıldırım qayalarda bu gün dünyanın ən uzun tunellərindən biri, “Murovdağ Tuneli” inşa edilir. Bu tunel həm strateji, həm də loqistik baxımdan Kəlbəcəri ilin hər fəsli üçün əlçatan edir. Bir zamanlar düşmənin qanunsuz məskunlaşma apardığı və təbiətinə qəsd etdiyi meşələr indi qorunur, çaylar üzərində "yaşıl enerji" konsepsiyasına uyğun olaraq yeni kiçik su elektrik stansiyaları tikilir. Kəlbəcər artıq sadəcə hərbi qala deyil, həm də regionun enerji mərkəzlərindən birinə çevrilir. Cənab Prezidentin hər gəlişində vurğuladığı kimi, biz bura qayıtmışıq ki, əbədi qalaq".

Deputat bildirib ki, bu qətiyyətin göstəricisi kimi yeni yaşayış komplekslərinin, məktəblərin və xəstəxanaların inşası sürətlə davam edir:
"Dünən "İstisu" sanatoriyası xarabalıqları ilə ürək ağrıdırdısa, bu gün orada beynəlxalq standartlara cavab verən müasir istirahət və müalicə mərkəzi ucalır. Kəlbəcərin həm turizm potensialı, həm də kənd təsərrüfatı imkanları yenidən kəşf edilir. İşğal dövründə talan edilən qızıl yataqları artıq dövlətimizin nəzarətindədir və ölkə iqtisadiyyatına xidmət edir. Şəhərin baş planı əsasında aparılan işlər göstərir ki, yaxın gələcəkdə Kəlbəcər dünyanın ən gözəl dağ kurortlarından və müasir yaşayış məskənlərindən biri olacaq. Əvvəllər yalnız xatirələrimizdə canlandırdığımız o dağlar indi yeni yollarla, elektrik xətləri ilə və ən əsası, üçrəngli bayrağımızın kölgəsi ilə canlanır. Bütün bu mənzərə bir həqiqəti ortaya qoyur: Kəlbəcərin dünəni kədər və həsrət idisə, bu günü qüdrət, inkişaf və böyük qayıdışın təntənəsidir. Artıq Kəlbəcər öz doğma sakinlərini qəbul etməyə hazırlaşan, yaraları sarılan və gələcəyə inamla baxan məğrur bir diyardır".