BAKI, 5 fevral. TELEQRAF

"Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı".

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd edilib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi: "Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.

Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.

Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir".