BAKI, 26 yanvar. TELEQRAF
Danimarkanın baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə verilməsi ilə bağlı təzyiqlərinə tab gətirib və bu ssenarinin reallaşmasına imkan verməyib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb. Nəşrin yazdığına görə, Frederiksenin diqqətlə qurulmuş mövqeyi Trampın bu məsələdə istədiyinə nail olmasının qarşısını alıb.
“Şübhə yoxdur ki, Frederiksenin düşünülmüş və ardıcıl müdafiə xətti Trampın əslində arzuladığı nəticəni əldə etməsinə mane oldu”, - deyə materialda qeyd olunur.
Qəzet daha əvvəl yazmışdı ki, Tramp Qrenlandiya mövzusunda Danimarka hökumətinin başçısı ilə təxminən 45 dəqiqəlik sərt söhbət aparıb. ABŞ Prezidenti, həmçinin, Vaşinqtonun Qrenlandiyadan istədiyi hər şeyi əldə edəcəyini iddia edib.