BAKI, 26 yanvar. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası dövründə avropalılar və amerikalılar Rusiyanı məqsədli şəkildə sərt qərarlar qəbul etməyə təhrik ediblər.

Teleqraf xəbər verir ki, Medvedev bu fikirləri “Kommersant” qəzetinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Avropa ölkələri, eləcə də Bayden administrasiyası dönəmində ABŞ Rusiyaya qarşı davamlı təzyiq və təxribatlar həyata keçirib.

“Avropalılar, Bayden administrasiyası dövründə isə amerikalılar bizi daim sərt qərarlara sövq edirdilər”, – deyə Dmitri Medvedev qeyd edib.

O əlavə edib ki, Rusiya əleyhinə təxribatlar hazırda da davam edir. Medvedev xatırladıb ki, ötən ilin sonunda Rusiya prezidentinin iqamətgahına qarşı çoxsaylı pilotsuz uçuş aparatlarının iştirakı ilə hücum həyata keçirilib.

Medvedevin sözlərinə görə, bu cür hadisələr Rusiyaya qarşı düşmən xarakterli addımların və təzyiq siyasətinin davam etdiyini açıq şəkildə göstərir.