BAKI, 21 yanvar. TELEQRAF

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, sabiq baş nazir Binəli Yıldırım Teleqraf İnformasiya Agentliyinin suallarını eksklüziv cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri kimi ötən ilin oktyabrında Qəbələdə Azərbaycanın Prezidenti İlham Əliyev ilə keçirdiyiniz görüş təşkilatın gələcək fəaliyyəti baxımından hansı strateji töhfələri vəd edir?

- Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyim görüş Türk Dövlətləri Təşkilatının (TDT) yalnız qardaşlıq bağlarını möhkəmləndirən bir platforma olmaqla kifayətlənməyib, strateji, nəticəyönlü və inklüziv əməkdaşlıq memarlığına çevrilməsi istiqamətində yeni bir mərhələnin başlanğıcıdır.

Görüş zamanı xüsusilə "TDT+" formatı üzərində dayanıldı, TDT-nin mövcud əməkdaşlıq çərçivəsinin genişləndirilməsi, ekoloji baxımdan dayanıqlı, iqtisadi, təhsil və texnologiya sahələrində xarici tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsinə imkan verən genişləndirilmiş əməkdaşlıq modeli kimi "TDT+" formatının əhəmiyyəti təsdiqləndi. Bu, təşkilatın çevik və dinamik əməkdaşlıq mexanizminə transformasiya olunması iradəsinin konkret ifadəsidir.

Bununla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi Qəbələ Zirvəsi TDT-nin regional sülh və təhlükəsizlik baxışının konkretləşdiyi tarixi bir mərhələ kimi qiymətləndirilməlidir. Zirvə çərçivəsində qəbul edilən qərarlar və “Qəbələ Bəyannaməsi”, təşkilatın siyasi, mədəni və iqtisadi inteqrasiya gündəmini daha dərin strateji əməkdaşlıq hədəfləri ilə zənginləşdirdi. Bu kontekstdə cənab İlham Əliyevin həm dövlət başçısı, həm də TDT-nin vizyon lideri kimi nümayiş etdirdiyi qətiyyət, təşkilatın institusional potensialının gücləndirilməsi, üzv dövlətlər arasında ortaq layihələr istehsal edən mexanizmlərin inkişafı və real nəticələr doğuran Türk dünyası memarlığının qurulması baxımından son dərəcə strateji əhəmiyyət daşıyır.

Görüş zamanı bir sıra məsələlər üzrə razılıq əldə edildi. TDT-nin mədəni və tarixi bağları möhkəmləndirmə missiyasının Ağsaqqallar Şurası vasitəsilə daha geniş ictimai təbəqələrə yayılması, bu çərçivədə cənab İlham Əliyevin şəxsi dəstəyi və Ağsaqqallar Şurası ilə sıx əməkdaşlıq iradəsi, təşkilatın cəmiyyətlərarası əlaqələri dərinləşdirən sosial strategiyalar hazırlamasına mühüm töhfə verəcək.

Ortaq əlifba və ortaq Türk tarixi üzrə aparılan işlərin təkcə mədəni əməkdaşlıq deyil, eyni zamanda ortaq kimlik və ünsiyyət infrastrukturu yaradan əsas strateji istiqamətlər olduğu vurğulandı. Bu fəaliyyətlər həm təhsil sahəsində, həm də mədəni qarşılıqlı təsirdə ciddi gücləndirici rol oynayacaq.

2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda keçirilməsi planlaşdırılan genişmiqyaslı proqramın əhəmiyyəti və bu prosesdə cənab İlham Əliyevin liderliyi nəzərdən keçirildi. Bu tədbirin Qəbələ Zirvəsində gündəmə gətirilməsi mədəni istiqamətin TDT-nin rəsmi gündəliyinə sistemli şəkildə inteqrasiya edildiyini göstərir. Ağsaqqallar Şurası bu prosesdə fəal rol oynayacaq.

Nəticə etibarilə bu görüş TDT-nin institusional transformasiyasını sürətləndirən, mədəni kökləri iqtisadi və strateji gündəmlə birləşdirən mühüm bir mərhələdir. Türk dünyası üçün sülhü, təhlükəsizliyi və iqtisadi rifahı birlikdə təmin edəcək yeni bir inteqrasiya dövrü başlayır.

- Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının fəaliyyətində necə əks olunur?

- Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri “Bir millət - iki dövlət” anlayışının bu gün Türk dünyasında ən güclü siyasi, hərbi və iqtisadi koordinasiya modellərinin konkret təzahürüdür. Bu qardaşlıq təkcə iki dost ölkə arasındakı münasibət deyil, Orta Dəhlizdən Zəngəzur dəhlizinə, müdafiə sahəsində əməkdaşlıqdan mədəni inteqrasiyaya qədər geniş və strateji gündəmin mərkəzində dayanır.

Son dövrlərdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq daha da dərinləşib. Azərbaycan və Türkiyə arasında imzalanmış, hərbi əməkdaşlığı gücləndirən yeni memorandum qarşılıqlı təhlükəsizlik, məlumat mübadiləsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq və birgə əməliyyat imkanlarının artırılmasını nəzərdə tutur. Həmin sənəd həmçinin zərurət yarandığı təqdirdə silahlı hücum zamanı tərəflərin bir-birinə dəstək göstərməsi öhdəliyini ehtiva edən praktik mexanizmlər formalaşdırır. Bu isə iki ölkə münasibətlərinin klassik dostluq çərçivəsindən çıxaraq real strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini açıq şəkildə nümayiş etdirir.

Bu möhkəm strateji birlik Qarabağ Zəfərindən sonra daha aydın şəkildə özünü göstərir. Türkiyənin Azərbaycana göstərdiyi siyasi və diplomatik dəstək tarixə düşmüş Şuşa Bəyannaməsi kimi sənədlərlə institusional çərçivəyə salınıb, nəticədə həm hərbi sahədə həmrəylik, həm də bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində koordinasiya güclənib.

Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısı Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusu ilə keçirilib, bu çərçivədə "TDT+" formatının yaradılması qərara alınıb. Bu addım təşkilatın həm xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirib, həm də daxili inteqrasiya potensialını gücləndirib. Sözügedən qərar Azərbaycanın sədrliyi dövründə TDT-nin strateji gündəminin iqtisadiyyat, təhlükəsizlik və sülh prizmasından zənginləşdirildiyini göstərir.

Qəbələ Zirvəsində qəbul edilən qərarlarla TDT artıq təkcə mədəni və iqtisadi əlaqələr platforması deyil, eyni zamanda regional sülh, təhlükəsizlik və logistika inteqrasiyası üzrə koordinasiya yaradan bir quruma çevrilmək iradəsini ortaya qoyub. Bu kontekstdə birgə hərbi təlimlərin təşviqi və müdafiə sahəsində uyğunlaşma məsələləri gündəmə gətirilib, beləliklə, klassik “yumşaq güc” əməkdaşlığından kənara çıxan, real təhlükəsizlik mexanizmləri ilə dəstəklənən yeni yanaşma formalaşıb.

Azərbaycan və Türkiyənin liderliyi ilə digər türk dövlətləri ilə münasibətlər çoxşaxəli inteqrasiya proqramı əsasında dərinləşdirilir. Müdafiə və təhlükəsizlik sahəsində birgə təlimlər, məlumat mübadiləsi və təhlükəsizlik əlaqələrinin genişləndirilməsi, iqtisadiyyat və infrastruktur sahəsində Orta Dəhlizin inkişafı, ticarət və investisiya əməkdaşlığının artırılması, mədəniyyət və kimlik istiqamətində isə gənclər, təhsil, diaspor və ortaq tarix layihələrinin təşviqi əsas prioritetlər sırasındadır.

Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Türkiyənin rolu liderlik səviyyəsində ittifaq və ortaq strateji baxış formalaşdırmaq qabiliyyətinə çevrilib. Birgə fəaliyyət nəticəsində Türk dünyasında sülhün, təhlükəsizliyin, rifahın və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən konkret layihələr həyata keçirilir və TDT-nin regional və qlobal miqyasda strateji aktora çevrilməsi istiqamətində öncül rol oynanılır. Bu yanaşma Qəbələ Zirvəsi kimi mühüm platformalarda açıq şəkildə vurğulanıb.

- Azərbaycan-Türkiyə münasibətləri “İki dövlət, bir millət” anlayışı ilə xarakterizə olunur. Bu qardaşlıq qarşıdakı dövrdə hansı konkret strateji sahələrdə daha da dərinləşəcək?

-Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” anlayışı artıq təkcə tarixi və emosional bağ deyil, ortaq gələcək quran strateji tərəfdaşlığa çevrilib. Qarşıdakı dövrdə bu qardaşlığın daha da dərinləşəcəyi sahələr aydındır və böyük ölçüdə konkret məzmun qazanıb. İlk növbədə müdafiə və təhlükəsizlik sahəsi bu münasibətlərin əsas dayaqlarından birinə çevrilib. Birgə hərbi təlimlər, müdafiə sənayesi üzrə əməkdaşlıq, kadr hazırlığı və doktrinal uyğunlaşma sayəsində iki ölkənin birgə fəaliyyət qabiliyyəti davamlı şəkildə gücləndirilir. Bu yanaşma təkcə iki dövlətin təhlükəsizliyinə deyil, eyni zamanda regional sabitliyi dəstəkləyən çəkindirici güc anlayışının formalaşmasına xidmət edir.

İkinci mühüm istiqamət nəqliyyat, logistika və rabitə sahəsidir. Orta Dəhliz, Zəngəzur xətti və tamamlayıcı infrastruktur layihələri Türkiyə və Azərbaycanı Avrasiya məkanında şərq-qərb oxu üzrə strateji mərkəzə çevirir. Bu, yalnız ikitərəfli ticarətin artımına deyil, bütövlükdə Türk dünyasının qlobal iqtisadiyyata çıxış imkanlarının genişlənməsinə güclü təkan verir.

Üçüncü sahə enerji və iqtisadi əməkdaşlıqdır. Enerji təhlükəsizliyi, ötürücü xətlər, bərpa olunan enerji yatırımları və qarşılıqlı ticarət dövriyyəsinin artırılması münasibətləri qısamüddətli qazanc çərçivəsindən çıxararaq ortaq iqtisadi gələcək perspektivi formalaşdırır. Bu baxımdan Türkiyə-Azərbaycan əməkdaşlığı regional enerji arxitekturasının da əsas müəyyənedici elementlərindən biridir.

Dördüncü və ən uzunmüddətli sahə isə mədəniyyət, təhsil və ortaq kimliyin formalaşdırılmasıdır. Ortaq əlifba təşəbbüsləri, ortaq tarix araşdırmaları, gənclər və akademik mübadilə proqramları bu qardaşlığın gələcək nəsillərə institusional və düşüncə baxımından davamlı şəkildə ötürülməsini təmin edir. Bu istiqamət strateji tərəfdaşlığın ictimai əsaslarını möhkəmləndirən fundamental sütundur.

Nəticə etibarilə Türkiyə-Azərbaycan qardaşlığı artıq sadəcə “yaxın müttəfiqlik” deyil, müdafiədən iqtisadiyyata, nəqliyyatdan mədəniyyətə qədər uzanan çoxölçülü inteqrasiya modelidir. Bu model Türk dünyası üçün də ilhamverici və yolgöstərən bir nümunədir. “İki dövlət, bir millət” anlayışı bu gün ortaq baxış, ortaq məsuliyyət və ortaq gələcək kimi konkret məzmun kəsb edir.

- Türkiyə ilə Azərbaycan arasında diplomatik, iqtisadi və mədəni baxımdan hazırkı münasibətləri necə qiymətləndirirsiniz?

-Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu gün diplomatik, iqtisadi və mədəni ölçülərin bir-birini tamamladığı nadir nümunələrdən biridir. Bu münasibətlər təkcə ikitərəfli müstəvidə deyil, həm də regional sabitlik və Türk dünyasının bütövlüyü baxımından strateji dərinlik daşıyır. Diplomatik baxımdan iki ölkə arasında qarşılıqlı etimada əsaslanan, açıq və davamlı məsləhətləşmə mexanizmi mövcuddur. Regional məsələlərdə ortaq mövqelərin formalaşdırılması, böhran vəziyyətlərində operativ koordinasiya və beynəlxalq platformalarda bir-birini tamamlayan diplomatik xətt bu münasibətlərin ən güclü cəhətlərindəndir.

Burada diplomatiya yalnız dövlətlərarası təmas vasitəsi deyil, eyni zamanda ortaq baxışın formalaşdırılması aləti kimi çıxış edir. İqtisadi sahədə enerji, nəqliyyat, ticarət və investisiya istiqamətlərində qurulmuş əməkdaşlıq münasibətləri strukturlaşdırılıb və davamlı əsaslara söykənib. Enerji təchizatının təhlükəsizliyi, Orta Dəhliz və onunla əlaqəli infrastruktur layihələri, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin artırılması Türkiyə və Azərbaycanı bir-birinin təbii iqtisadi tərəfdaşına çevirib.

Bu iqtisadi əlaqələr qısamüddətli faydalardan kənara çıxaraq ortaq inkişaf və rifah perspektivi təqdim edir. Mədəni müstəvidə isə Türkiyə-Azərbaycan münasibətləri istisna xarakter daşıyır. Ortaq dil, tarix, mədəniyyət və dəyərlər dövlətlərarası münasibətlərin cəmiyyət səviyyəsində güclü dayağa malik olmasını təmin edir. Mədəniyyət, təhsil, akademik və gənclər sahələrində həyata keçirilən əməkdaşlıq bu qardaşlığın gələcək nəsillərə institusional irs kimi ötürülməsinə xidmət edir.

Bu baxımdan mədəni bağlar diplomatik və iqtisadi münasibətlərin ən möhkəm təməlini təşkil edir. Ümumilikdə qiymətləndirildikdə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər diplomatiyada etimad, iqtisadiyyatda tərəfdaşlıq, mədəniyyətdə isə dərin mənəvi birlik üzərində qurulub. Bu bütöv yanaşma münasibətləri keçici siyasi konyunkturalardan asılılıqdan çıxarır və onları uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

- Qarabağ Zəfərindən sonra Türkiyənin Azərbaycana verdiyi dəstəyin regional balanslara təsiri necə qiymətləndirilməlidir? Sizcə, Türkiyə-Azərbaycan münasibətləri artıq mütəffiqlik mərhələsini aşaraq “ortaq gələcəyin inşası” prosesinə çevrilibmi?

- Qarabağ Zəfəri təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi hərbi uğur deyil, eyni zamanda Cənubi Qafqazda qüvvələr balansını köklü şəkildə dəyişdirən tarixi bir dönüş nöqtəsidir. Bu prosesin ən həlledici amillərindən biri Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə nümayiş etdirilən sarsılmaz həmrəylikdir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin qətiyyətli, strateji və təmkinli liderliyi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın açıq, aydın və tərəddüdsüz dəstəyi həm döyüş meydanında, həm də diplomatik masada yeni güc balansının formalaşmasını təmin edib. Türkiyənin Azərbaycana verdiyi dəstək müvəqqəti, situativ və ya simvolik xarakter daşımayıb, ilk gündən etibarən açıq, prinsipial və strateji mövqe kimi ortaya qoyulub.

Bu mövqe həm Azərbaycanın haqlı mübarizəsini gücləndirib, həm də bölgədə “fakt qarşısında qoyma”ya əsaslanan köhnə status-kvoların davamlı olmadığını nümayiş etdirib. Qarabağ Zəfərindən sonra formalaşan reallıq göstərdi ki, Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq nizamı yalnız ədalət və legitimlik prinsipləri üzərində qurula bilər. Bu proses Türkiyə-Azərbaycan münasibətlərinin artıq klassik mənada müttəfiqlik anlayışı ilə izah edilə bilməyəcəyini açıq şəkildə ortaya qoyub.

Bu gün gəlinən mərhələdə bu münasibətlər - ortaq təhlükə qavrayışı, ortaq təhlükəsizlik baxışı, ortaq regional məsuliyyət əsasında formalaşan ortaq gələcək inşası mərhələsinə qədəm qoyub. Müdafiə sahəsində inkişaf etdirilən əməkdaşlıq, siyasi və diplomatik koordinasiya, nəqliyyat və əlaqəli layihələr, eləcə də mədəni və tarixi bağların institusionallaşdırılması bu ortaq gələcək anlayışının konkret və geridönməz addımlarıdır. Xüsusilə, Qarabağ Zəfərindən sonra imzalanan razılaşmalar və nümayiş etdirilən siyasi iradə iki ölkənin taleyini təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər üçün də birlikdə düşünmək əzmini əks etdirir.

Yekun olaraq qeyd etmək olar ki, Əliyev-Ərdoğan liderliyi Türk dünyası baxımından təkcə iki ölkə arasındakı münasibətləri deyil, həm də regional baxışı və strateji istiqaməti müəyyən edən əsas istiqamətə çevrilib. Türkiyə-Azərbaycan münasibətləri bu gün artıq sadəcə “yan-yana dayanmaq” mərhələsini geridə qoyub, eyni məqsədə doğru birlikdə addımlamaq, yəni ortaq gələcək qurmaq mərhələsinə keçib.



- Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanın həssaslıqları nəzərə alınmaqla necə irəlilədilməlidir? Ermənistanın davamlı sülhü təmin edə bilməsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərində hansı əsas düşüncə dəyişikliyinə ehtiyac var?

- Son dövrlərdə Azərbaycanla Ermənistan arasında birbaşa normallaşma istiqamətində atılan addımlar konkret məzmun kəsb etməyə başlayıb. 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda birgə bəyannamə imzaladı, iki ölkə arasında sülh sazişi mətninin paraflanmasına yönəlik siyasi iradə təsdiqləndi. Bu hadisə onilliklər boyu parça-parça və fasilələrlə davam edən proseslərin yerini artıq konkret sülh sənədinə doğru irəliləyən siyasi qərarvermə mərhələsinin tutduğunu açıq şəkildə göstərir.

Bu prosesin digər mühüm ölçüsü iki ölkə arasında ticarət və tranzit imkanlarının açılması olub. 2025-ci ilin sonlarına doğru Azərbaycanın Ermənistan ərazisindən tranzit ticarətə icazə verməsi iqtisadi münasibətlər baxımından praktik və geridönməz bir addım kimi diqqət çəkib. Bu çərçivədə başlayan yük daşımaları təkcə iqtisadi deyil, eyni zamanda cəmiyyətlərarası etimadın və qarşılıqlı əlaqələrin bərpasına xidmət edən mühüm zəmin yaradıb.

Eyni zamanda tərəflər normallaşma prosesini milli suverenlik və sərhədlərə hörmət prinsipi üzərində quraraq sərhədlərin delimitasiyası və hüquqi çərçivə ilə bağlı işləri dərinləşdirməkdədir. Bu yanaşma sülhün yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, suverenlik və müstəqillik prinsiplərinin sülh mətninə və onun icrasına əsas götürüldüyünü göstərən strukturlaşmış bir prosesə çevrildiyini nümayiş etdirir. Bu inkişaflarla birlikdə Azərbaycan-Ermənistan normallaşma prosesi artıq yalnız diplomatik təmaslarla məhdudlaşmayan, milli liderlər arasında imzalanmış bəyannamələr, ticarət və tranzit sahəsində konkret addımların atılması, sərhəd və ərazi qeyri-müəyyənliklərinin aradan qaldırılmasına yönəlik texniki və hüquqi işlər kimi real əsaslara söykənən strateji addımlar toplusu halını alıb.

Bu mənzərə Türkiyə-Ermənistan normallaşma prosesinin də hansı çərçivədə irəliləməli olduğunu aydın şəkildə ortaya qoyur. Türkiyə Ermənistanla münasibətlərini normallaşdırarkən Azərbaycanın həssaslıqlarını, Qarabağ Zəfəri ilə əldə edilmiş nəticələri və Azərbaycan-Ermənistan sülh prosesini prioritet hesab edən yanaşmanı əsas götürür. Bu səbəbdən Türkiyə-Ermənistan normallaşması Azərbaycanın mərkəzində dayandığı sülh memarlığını zəiflədən deyil, əksinə onu tamamlayan və möhkəmləndirən xətt üzrə inkişaf etdirilir.

Ermənistanın davamlı sülhü təmin edə bilməsi üçün zəruri olan əsas düşüncə dəyişikliyi isə aydındır: keçmişə əsaslanan təftişçi yanaşmalardan imtina edərək mövcud regional reallığı qəbul etmək, qonşularının suverenliyinə hörmət edən, əməkdaşlıq və ortaq rifaha yönəlmiş gələcək baxışını mənimsəmək. Bu dəyişiklik yalnız ritorika səviyyəsində qalmalı deyil, hüquqi sənədlərdə, sərhəd tətbiqlərində, ticarət münasibətlərində və regional birgə layihələrdə konkret şəkildə öz əksini tapmalıdır.

Bu kontekstdə Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla tam koordinasiya şəraitində, Azərbaycanın əldə etdiyi nailiyyətləri qoruyan və Cənubi Qafqazda ədalət, suverenlik və qarşılıqlı hörmət prinsipləri əsasında davamlı sülhü hədəfləyən strateji bir proses kimi irəliləməkdədir.

- Necə qiymətləndirirsiz, Zəngəzur Dəhlizi yalnız bir nəqliyyat xəttidir, yoxsa Qafqazın taleyini dəyişdirəcək strateji bir layihə? Bu dəhlizin reallaşdırılması Türkiyə, Azərbaycan və Türk dünyası baxımından hansı iqtisadi və geosiyasi çarpan effektini yaradacaq?

- Zəngəzur Dəhlizi təkcə bir nəqliyyat marşrutu deyil, Qafqazın və bütövlükdə Türk dünyasının iqtisadi, geosiyasi və strateji gələcəyini yenidən formalaşdıracaq genişmiqyaslı inteqrasiya layihəsidir.

Bu dəhliz Türk dünyasını şərq-qərb oxu boyunca fasiləsiz şəkildə birləşdirən, Orta Dəhlizi tamamlayan və Avrasiya ticarətində yeni balans nöqtəsi yaradan tarixi bir təşəbbüsdür. Bu baxış Azərbaycanın Şuşada ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə Görüşü ilə ortaq siyasi iradəyə çevrilib.Həmin zirvədə nəqliyyat, rabitə və regional inteqrasiya mövzuları əsas gündəm kimi önə çıxıb, Zəngəzur Dəhlizi və Orta Dəhliz kimi layihələrin TDT-nin ümumi strateji gündəminin onurğa sütunu olduğu açıq şəkildə bəyan edilib.

Bu çərçivədə TDT-yə üzv dövlətlərin başçılarına təqdim etdiyimiz məruzələrdə də Zəngəzurun yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün strateji bir rıçaq olduğunu xüsusi vurğulamışıq. Zəngəzur Dəhlizinin həyata keçirilməsi ilə nəzərə çarpan təsir çoxölçülüdür. İqtisadi baxımdan Avropa ilə Mərkəzi Asiya arasındakı ticarət marşrutları daha qısa, təhlükəsiz və rəqabətqabiliyyətli olacaq, Türk dünyası ölkələri qlobal ticarətdə mühüm logistika üstünlüyü əldə edəcəklər. Enerji və resurs axınları kontekstində Azərbaycanın istehsal potensialı ilə Türkiyənin paylama və çıxış imkanları vahid strateji onurğa üzərində birləşəcək.

Geosiyasi müstəvidə isə bu dəhliz Türk dünyasını ayrı-ayrı hissələr kimi deyil, bir-birini tamamlayan əlaqələr vasitəsilə koordinasiyalı şəkildə hərəkət edən vahid aktora çevirəcək. Bu nöqtədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə sıx və əlaqələndirilmiş əməkdaşlığımız Zəngəzur baxışının abstrakt hədəf olmaqdan çıxaraq tətbiq edilə bilən real strategiyaya çevrilməsini təmin edib. Prezident İlham Əliyevin liderliyi Qarabağdan sonra formalaşan yeni regional reallığı Türk dünyasının ortaq gələcəyi ilə uzlaşdıran açar rol oynayıb.

Zəngəzur Dəhlizinin Türk Dövlətləri Təşkilatı baxımından əhəmiyyəti isə ayrıca qeyd edilməlidir. Bu layihə TDT-ni yalnız ortaq tarix və mədəniyyət zəminində birləşən platformadan çıxararaq, konkret nəqliyyat, ticarət və inteqrasiya xətləri üzərindən fəaliyyət göstərən birliyə çevirmək potensialına malikdir. Zəngəzur TDT üçün danışılan birlikdən işlək birliyə keçidin, siyasi iradənin fiziki inteqrasiyaya çevrilməsinin və TDT-nin qlobal güc balanslarında nəzərə alınan aktora çevrilməsinin ən bariz ifadəsidir.

Xülasə olaraq, Zəngəzur Dəhlizi sadəcə bir infrastruktur layihəsi deyil, təkcə nəqliyyat mövzusu deyil, heç də ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilə biləcək bir məsələ deyil. O, Türk dünyasının ortaq strateji taleyini bir-birinə bağlayan, Türk Dövlətləri Təşkilatının institusional yetkinliyini və uzunmüddətli gücünü təminat altına alan tarixi bir layihədir.

- Binəli bəy, sizcə, 34 hərfdən ibarət ortaq Türk əlifbasının tam şəkildə həyata keçirilməsi üçün hansı əsas şərtlər zəruridir və bu əlifba Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında hansı imkanları yaradacaq?

- Ortaq Türk əlifbası məsələsi texniki yazı vahidliyi axtarışından qat-qat geniş məna daşıyır. Bu, Türk dünyasının zehni, mədəni və strateji bütövlüyünü möhkəmləndirən tarixi bir addımdır. Bu mövzu köklərini 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayına qədər uzanan, türk xalqlarının vahid yazı sistemi ətrafında birləşmək iradəsini əks etdirən dərin tarixi irsə malikdir. Bu gün gəlinən mərhələdə açıq şəkildə qeyd etmək lazımdır ki, ortaq əlifba məsələsi elmi və akademik baxımdan artıq tamamlanmış və üzərində razılıq əldə olunmuş bir mövzudur. Dilçilər və müvafiq sahə üzrə mütəxəssislər tərəfindən aparılan uzunmüddətli tədqiqat və işlər nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası texniki və elmi konsensus kimi qəbul edilib. Artıq müzakirə predmeti əlifbanın məzmunu deyil, ona hansı təqvim və hansı üsulla keçidin təmin olunacağıdır.

Bu prosesin konkret mərhələyə keçməsində mənim Türk Dövlətlər Təşkilatının Ağsaqqallar Şurasının sədri kimi liderliyim və himayəm həlledici rol oynayıb. Ağsaqqallar Şurası çərçivəsində həyata keçirilən fəaliyyətlər sayəsində uzun müddət dinamikliyini itirmiş ortaq əlifba mövzusu yenidən institusional müstəviyə daşınıb, müvafiq komissiyalar aktivləşdirilərək elmi razılaşma qəti şəkildə möhkəmləndirilib. Beləliklə, ortaq əlifba texniki mübahisə mövzusu olmaqdan çıxarılaraq Türk dünyasının ortaq gələcək vizyonunun strateji elementinə çevrilib.

Bu nöqtədə artıq əsas məsuliyyətin siyasi iradənin üzərinə düşdüyü aydındır. Ortaq əlifbanın tətbiqi dövlətlərin bu istiqamətdə qətiyyətli və koordinasiyalı keçid prosesini qəbul etməsini tələb edir. Bu transformasiya cəmiyyətlər üçün çətinlik yaratmayan, mərhələli və planlı yol xəritəsi əsasında - təhsil sistemi, dərs proqramları, media və rəqəmsal platformaları əhatə edən şəkildə həyata keçirilməlidir.

Bu baxımdan 2026-cı ilə xüsusi önəm veririk. Bir tərəfdən 1926-cı il Bakı Qurultayının 100 illiyi, digər tərəfdən isə ortaq əlifbanın siyasi səviyyədə real qarşılıq tapması baxımından qarşıdakı dövr tarixi bir mərhələ kimi qiymətləndirilə bilər. Ağsaqqallar Şurası olaraq bu müddətdə üzv ölkələrin dövlət başçıları ilə görüşlər keçirərək, ortaq əlifbaya keçid prosesi ilə bağlı məsləhətləşmələr aparmağı və zəruri koordinasiyanı təmin etməyi hədəfləyirik.

Ortaq Türk əlifbasının tətbiqi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında çoxşaxəli imkanlar yaranacaq. Təhsil və akademik əməkdaşlıq dərinləşəcək, mədəni qarşılıqlı təsir güclənəcək, media və rəqəmsal ünsiyyət sahəsində birbaşa və fasiləsiz ortaq dil mühiti formalaşacaq. Ən önəmlisi isə gənc nəsillər arasında ortaq mənsubiyyət hissi və birlikdə düşünmə mədəniyyəti daha möhkəm təməl üzərində qurulacaq.

Yekun olaraq qeyd etmək olar ki, ortaq Türk əlifbası texniki bir tənzimləmə deyil, Türk dünyasının ortaq gələcəyinə atılan strateji və uzunmüddətli bir addımdır. Bu addım bizi yalnız keçmişdə birləşdirən deyil, gələcəkdə də birlikdə düşünən, istehsal edən və hərəkətdə olan güclü bir topluma çevirəcək mühüm bir imzadır.