BAKI, 14 yanvar. TELEQRAF
Ermənilər tərəfindən müxtəlif zamanlarda Azərbaycana qarşı hibrid hücumlar olub. Təbii ki, erməni seqmentinin bu hücumlarının arxasında Azərbaycanı ləkələmək, mövcud ictimai-siyasi sabitliyi hədəfə almaq məqsədi dayanıb.
Teleqraf xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə “canfəşanlıq edən” və Azərbaycanın dövlət qurumlarını hədəf alan "Palitra" hesabı da Ermənistan vətəndaşlarına məxsus olduğu bəlli olub və qeydiyyat ünvanı kimi Ermənistan göstərilib. "Facebook" və "TikTok"da "palitranews1" adlı hesabın bir mənbəyə bağlı olması heç şübhəsizdir.
Aparılan araşdırmalar zamanı sözügedən sosial şəbəkə hesabları İrəvan şəhəri, V.Sargsyan prospekti, ev 6 ünvanında yaşayan Edgar Gazaryan və Olga Smbatyan adlı şəxslərin istifadəsində olduğu məlum olub.
Məlum olub ki, "Palitra" hesabında hər hansı bir müstəqil araşdırma əksini tapmayıb. Bunun əksinə olaraq, Azərbaycan və birbaşa dövlət qurumları hədəf alan paylaşımlar digər səhifələrdən kopyalanıb.
Bu səbəbdən də "Palitra" adlı sosial şəbəkə hesabında əksini tapan dezinformasiya xarakterli materialları dərc edən və Azərbaycana qarşı təbliğat aparan bloger və youtuberlərin fəaliyyəti araşdırılmalıdır. İstisna deyil ki, bunların arxasında Ermənistan dayanır.
Bu bir daha onu göstərir ki, sülhdən, dialoqdan danışan Ermənistan təəssüf ki, Azərbaycana qarşı hələ də “hibrid əməliyyatlardan”, əks həmlələrdən əl çəkə bilməyib.