BAKI, 4 mart. TELEQRAF

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi ABŞ Prezidenti Donald Trampın guya Türkiyəyə İrana hücum əmri verdiyi barədə yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə mərkəzin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, bəzi sosial şəbəkələrdə Trampın Türkiyəyə İrana hücum əmri verməsi, Ankaranın İrana qarşı gizli hərbi planın bir hissəsi olması və müharibəyə qoşulmaq müqabilində CAATSA sanksiyalarının ləğvini tələb etməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir.

Bəyanatda vurğulanıb ki, Türkiyə müstəqil və suveren dövlət kimi xarici siyasətini və təhlükəsizlik sahəsində qərarlarını özü müəyyən edir. Bu istiqamətdə səsləndirilən digər iddiaların heç bir əsası yoxdur.

Qeyd olunub ki, Türkiyə ilə bağlı bu cür məlumatlar çərşənbə axşamı xarici sosial şəbəkələrdə geniş şəkildə yayılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da İran ətrafındakı böhranla bağlı geniş dezinformasiya kampaniyasının aparıldığını bildirib.

Onun sözlərinə görə, Türkiyənin mövqeyi və siyasəti ilə bağlı ciddi dezinformasiya yayılır: “Bunu görürük. Bunu həm dövlət səviyyəsində, həm fərdi şəkildə, həm də qruplar və terror təşkilatları vasitəsilə edənlər var. Biz onları izləyirik. Eyni zamanda ictimai rəyə təsir göstərmək üçün istifadə olunan ritorika və arqumentləri də diqqətlə izləyirik”.