BAKI, 13 yanvar. TELEQRAF

Ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən 15 aprel 2024-cü il tarixdə elan edilmiş sayca 26-cı müsabiqə üzrə 19 nəfəri qız olmaqla 56 namizəd müvəffəqiyyət qazanıb və Baş Prokurorluq üzrə 13 yanvar 2025-ci il tarixli əmrə əsasən onların müvafiq vəzifələrə təyinatlarının aparılması nəticəsində müsabiqə yolu ilə qulluğa qəbul edilmiş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 93.2 %-ni təşkil edib.

Teleqraf-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimində deyib.

Onun sözlərinə görə, həmin Əsasnaməyə uyğun olaraq növbəti dəfə 15 aprel 2025-ci il tarixdə Baş Prokurorluq tərəfindən 50 vakant ştat vahidi üzrə növbəti – 27-ci müsabiqə elan edilib, namizədlərin sənədlərinin qəbulu proseduru tam sadələşdirilərək, qeyd olunan tarixdən etibarən “Elektron Prokurorluq” İnformasiya Sistemi vasitəsilə həyata keçirilməklə, 30 sentyabr 2025-ci il tarixdə başa çatdırılmış və müsabiqədə iştirak etmək üçün 259-u (74.2 %) oğlan, 90-ı (25.8 %) qız olmaqla, müraciət edib və müsabiqə şərtlərinə cavab verən 349 namizəd qeydiyyata alınıb:

"10 oktyabr 2025-ci il tarixdə elektron qaydada Dövlət İmtahan Mərkəzinin inzibati binasında test imtahanı keçirilib və imtahanda 321 namizəd iştirak etməklə onlardan 174 namizəd, o cümlədən 125 oğlan (72 %), 49 qız (28 %) müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmək hüququ qazanıb.

14 noyabr 2025-ci il tarixdə tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında müsabiqənin yazılı imtahan mərhələsi keçirilib, imtahanda 171 namizəd (123 oğlan, 48 qız) iştirak edib və yazılı imtahan işləri yoxlanılaraq nəticədə 71 namizəd, o cümlədən 59 (83.1 %) oğlan, 12 (16.9 %) qız müvəffəqiyyət qazanıb.

Namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinikasında tibbi müayinədən keçib . 2 namizəd (1 oğlan (başqa orqanda işə qəbul olunduğu üçün), 1 qız (ailə vəziyyəti ilə bağlı) könüllü olaraq müsahibə mərhələsində iştirakdan imtina edib".

Kamran Əliyevin sözlərinə görə, 4-12 dekabr 2025-ci il tarixləri ərzində Müsabiqə Komissiyası tərəfindən 69 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə müsahibə keçirilib və keçid balını toplamış 51 namizəd müsabiqə üzrə müvəffəqiyyət qazanıb:

"Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 12 dekabr 2025-ci il tarixli qərarına əsasən artırılaraq 51 ştat vahidi müəyyən edilib.

Müvəffəqiyyət qazanmış namizədlərdən 45 (88 %) nəfəri oğlan, 6 (12 %) nəfəri qız olmaqla, 26 namizəd (21 oğlan, 5 qız) ilk dəfə, 25 namizəd (24 oğlan, 1 qız) təkrar müraciət etmiş, 1-i isə (1 oğlan) əvvəllər öz arzusu ilə qulluq keçməsinə xitam verilmiş sabiq prokurorluq işçisidir.

Həmçinin 5 namizəd (3 oğlan, 2 qız) ali məktəbi hüquqşünaslıq ixtisası üzrə 2025-ci ildə bitirməklə, 38 nəfəri (35 oğlan, 3 qız) Bakı Dövlət Universitetinin, 9 nəfəri (7 oğlan, 2 qız) Naxçıvan Dövlət Universitetinin, 2 nəfəri (2 oğlan) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, 1 nəfəri (1 qız) Milli Aviasiya Akademiyasının, 1 nəfəri (1 oğlan) isə xarici ölkənin (Türkiyə) ali təhsil müəssisələrinin məzunu olub".

Baş prokurorun sözlərinə görə, bundan başqa uğur qazanmış namizədlərdən 11-i ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olub: "Eləcə də, namizədlərdən 10-u xarici dil, o cümlədən 5-i rus dilini, 3-ü ingilis dilini, 2-i isə həm rus, həm də ingilis dilini sərbəst bilir.

Ümumilikdə 2020-2025-ci illərdə elan edilmiş müsabiqələr üzrə qulluğa qəbul edilmiş 21 nəfər xarici ölkələrin, o cümlədən 8-i Ukrayna Respublikası, 6-ı Rusiya Federasiyası, 3-ü Türkiyə Respublikası, 1-i Böyük Britaniya və Şimali İrlandiya Krallığı, 1-i Qazaxıstan Respublikası, 1-i Qırğızıstan Respublikası, 1-i isə Belarus Respublikasının ali təhsil müəssisələrinin məzunudur. 13 nəfər türk, 34 nəfər rus, 20 nəfər ingilis, 6 nəfər həm rus, həm ingilis, 1 nəfər isə həm türk, həm də ingilis dilini sərbəst bilir.
Müvəffəqiyyət əldə etmiş namizədlərdən 1 nəfər Vətən müharibəsində, 1 nəfəri isə Azərbaycan Respublikasının suverenliyinin bərpası uğrunda 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi regionunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarında iştirak edib.

Namizədlər 15 dekabr 2025-ci il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində icbari təlimə cəlb edilmiş və təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra onlara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamələr verilib.

Hazırda 51 gənc mütəxəssisin müvafiq vakant ştat vahidlərinə təyin edilməsi nəticəsində artıq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 %-ni təşkil edir.

Əminik ki, siz, gənc prokurorluq əməkdaşları kimi gələcəkdə üzərinizə düşən vəzifələrin icrasına vicdanla yanaşıb layiqincə yerinə yetirərək, nümunəvi xidməti fəaliyyətinizlə sizə göstərilən etimadı doğruldacaq və layiq görüldüyünüz şərəfli prokurorluq işçisi adını hər zaman uca tutacaqsınız".