BAKI, 13 yanvar. TELEQRAF
"Bu il ərzində dövlətimizin xarici siyasət sahəsində əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsini təmin edib. Prezident İlham Əliyevin məqsədyönlü və praqmatik diplomatik fəaliyyəti nəticəsində Azərbaycan bu gün etibarlı, təşəbbüskar və nüfuzlu tərəfdaş kimi tanınır".
Teleqraf-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimində deyib.
Baş prokuror qeyd edib ki, aprel ayında Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən görüş Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcı olub: "Bu görüş bir daha göstərdi ki, iki ölkə arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsində formalaşır və sürətlə inkişaf edir. Eyni zamanda Orta Dəhliz – Transxəzər beynəlxalq nəqliyyat marşrutu bu gün qlobal ticarət və logistika xəritəsində mühüm yer tutur. Azərbaycan bu dəhliz vasitəsilə Asiya ilə Avropanı birləşdirən etibarlı, sabit və proqnozlaşdırılan tərəfdaş kimi çıxış edir.
28 may 2025-ci il tarixdə Laçın şəhərində Azərbaycan və Türkiyə Prezidentlərinin, eləcə də Pakistanın Baş nazirinin iştirakı ilə keçirilmiş Zirvə görüşü regionda iqtisadi inkişaf, infrastruktur layihələri və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm siyasi hadisə olub".
K.Əliyevin sözlərinə görə, avqustun 8-də ABŞ-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledici mərhələ olub:
"Bu görüş Azərbaycanın sülh gündəliyinə sadiqliyini və beynəlxalq müstəvidə prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Görüşün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə və Azərbaycanla Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”inin mətninin paraflanması ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir.
Eyni zamanda həmin gün ABŞ Prezidentinin 1992-ci ildən qüvvədə olan və Azərbaycanı ədalətsiz şəkildə birbaşa dövlət yardımından məhrum edən “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin tətbiqini dayandırması ilə bağlı sənədin imzalanması da ölkəmizə qarşı mövcud olmuş siyasi maneələrin aradan qaldırılması, ABŞ–Azərbaycan münasibətlərində etimadın və tərəfdaşlığın gücləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Bundan başqa, Azərbaycan 2024-cü ilin dekabrında Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında yekdilliklə bu nüfuzlu quruma üzv qəbul edilmiş, 2025-ci ilin mart ayında Milli Məclisin ratifikasiyasından sonra tamhüquqlu üzv statusu qazaıb".