BAKI, 9 dekabr. TELEQRAF

"Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində deyilir.

Bildirilir ki, Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır:

"Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ–Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı ciddi suallar yaradır".