BAKI, 5 dekabr. TELEQRAF

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkə ərazisində peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq edib Prezidentə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq edib və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Fonduna təqdim eməlidir.

Həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamın 1-ci hissəsində göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutmalıdır.