BAKI, 5 dekabr. TELEQRAF

Prezident İlham Əliyev kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin məlumatlandırma mexanizmi ilə bağlı yeni qaydaların təsdiqi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1693 (Cild I) ilə təsdiq edilmiş “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin 6.3.5.4-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6.3.6-cı yarımbənd əlavə edilsin:

“6.3.6. məlumatlandırma mexanizmi sahəsində:

6.3.6.1. sifarişçi tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvəqqəti tikililər (bundan sonra – müvəqqəti tikililər) barədə məlumatlandırılan orqana məlumatların və sənədlərin təqdim edilməsi;

6.3.6.2. məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə müvafiq məlumatların və sənədlərin elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

6.3.6.3. Tikintilərin Dövlət reyestrində müvəqqəti tikililər barədə məlumatlar və sənədlər təhlil edildikdən sonra sənədlər tam olduğu halda müvəqqəti tikililərə dair məlumatların reyestrdə uçota alınması və bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilməsi, sənədlər tam olmadığı halda isə onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatlandırılan orqana və sifarişçiyə məlumat göndərilməsi;

6.3.6.4. məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikili barədə məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ötürülməsi;

6.3.6.5. məlumatlandırılan orqanı məlumatlandırmaqla, sifarişçi tərəfindən müvəqqəti tikilinin sökülməsi barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".